AZ

Azərbaycanda 22 rayon üzrə 24 aqropark yaradılır

Azərbaycanda 22 rayon üzrə 66,3 min ha ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

O bildirib ki, 23 aqropark artıq fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır:

"Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 mlrd. manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb. Bununla yanaşı indiyədək aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib. Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

2024-cü ildə əkin dövriyyəsinə cəlb olunmuş 42,5 min ha torpaq sahəsinin 35,7 min ha suvarılan ərazilərdir ki, bunun da 26 min hektarında (73%-i) mütərəqqi suvarma sistemləri qurulub. 2024-cü ildə aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ədəd ting əkilib. Aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib. Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub".

Seçilən
23
7
apa.az

10Mənbələr