Dünya Badminton Federasiyası (BWF) gənclərin yeni reytinq siyahısını açıqlayıb.
İdman.biz xəbər verir ki, Top-100-də ilk dəfə Azərbaycan 2 gənc badmintonçusu yer alıb.
Beynəlxalq turnirlərdə uğurlu çıxışla yadda qalan Ülvi Hüseynov reytinq sıralamasında 63-cü yerə yüksəlib. Badmintonçumuz son olaraq İran və Türkiyədə keçirilən yarışlarda mükafatçılar sırasında yer almaqla reytinq xalını 4050-yə çatdırıb.
Həcər Nuriyeva isə 2023-cü və 2024-cü illər ərzində Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almaqla reytinq sıralamasında 21 pillə irəliləyərək 47-ci yerdə qərarlaşıb. Sonuncu dəfə isə 2025-ci ildə İranda Leyla Camalzadə ilə birgə çıxış etdiyi qoşa kateqoriyada qızıl medal qazanaraq reytinq xalını 5800-ə yüksəldib.
Qeyd edək ki, Ülvi Hüseynov 2023-cü ildən etibarən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı, mütəmadi olaraq bu ölkənin müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edərək peşəkarlıq səviyyəsini artırır.
İdman.biz