Azərbaycanın iki idmançısı tarixdə ilk dəfə dünyanın 100 ən güclü badmintonçusu sırasında yer alıb.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Siyahını Dünya Badminton Federasiyası (BWF) açıqlayıb.
Beynəlxalq turnirlərdə uğurlu çıxışla yadda qalan Ülvi Hüseynov reytinqdə 63-cü yerə yüksəlib. Badmintonçumuz son olaraq İran və Türkiyədə keçirilmiş beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almaqla reytinq xalını 4050-yə çatdırıb.
O, 2023-cü ildən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı, mütəmadi olaraq bu ölkənin müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edir.
Həcər Nuriyeva isə 2023 və 2024-cü illər ərzində Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada keçirilmiş beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almaqla reytinq sıralamasında 21 pillə irəliləyərək 47-ci yerdə qərarlaşıb. Sonuncu dəfə bu il İranda təşkil olunmuş beynəlxalq turnirdə Leyla Camalzadə ilə birgə çıxış etdiyi qoşa kateqoriyada qızıl medal qazanaraq reytinq xalını 5800-ə yüksəldib.
Qeyd edək ki, yerli idmançıların dünyanın “Top-100” badmintonçusu siyahısında yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edən strategiyasının əsas hədəflərindən biridir.