\"Google\" işçi qəbulunda müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasətindən imtina edən növbəti iri ABŞ şirkəti olub.
Bu barədə AZXEBER.COM BBC-yə istinadən xəbər verir.
Bundan başqa, texnologiya nəhəngi bu sahədə digər təşəbbüslərini də nəzərdən keçirir.
\"Biz bütün əməkdaşlarımızın uğur qazana və bərabər imkanlara malik ola biləcəyi iş yeri yaratmağa çalışırıq\", - \"Google”ın nümayəndəsi bildirib.
2021-2024-cü illər ərzində şirkət hesabatlarında DEI prinsiplərini öz işinin ayrılmaz hissəsinə çevirmək niyyətində olduğunu bəyan edib. Lakin ötən gün dərc edilən son hesabatda bu ifadə öz əksini tapmayıb.
\"Google” müxtəliflik siyasətinə münasibətdə kursunu dəyişən növbəti böyük korporasiya olub. Daha əvvəl \"Meta”, \"Amazon”, \"Pepsi”, \"McDonald\'s”, \"Walmart” və digər şirkətlər öz DEI proqramlarını dayandırıblar.
ABŞ Prezidenti Donald Tramp və onun tərəfdarları DEI siyasətini müntəzəm olaraq tənqid ediblər. Ağ Evə qayıtdıqdan sonra Tramp dövlət qurumlarının fəaliyyətindən bu cür təşəbbüslərin çıxarılması ilə bağlı göstəriş verib.