AZ

Neymar: “Hələ 90 dəqiqə oynaya bilmərəm, amma…”

“Santos”un braziliyalı ulduz hücumçusu Neymar özünün oyun səviyyəsi ilə bağlı qənaətini ictimaiyyətə açıqlayıb.

Arena.az xəbər verir ki, “Ney” keçmiş klubu “Əl-Hilal”ın potuqal çalışdırıcısı Jorje Jezuşun, artıq onun əvvəlki səviyyədə oynaya bilmədiyi ilə bağlı səsləndirdiyi fikrindən mütəəssir olduğunu bildirib:

“Mən oynamağa hazıram. Əlbətdə ki, hələ bütün 90 dəqiqəni meydanda keçirə bilməyəcəyəm, çünki uzun müddət zədə səbəbindən meydana çıxmamışam. Mənə oyunlar gərəkdir.
Aydındır ki, artıq komandanın qalan hissəsi ilə eyni surətdə oynaya bilmədiyimi söyləmiş Jorje Jezuşun sözlərinə görə çox üzülmüşəm”, deyə “Ney” vurğulayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb. Neymar 12 illik fasilədən sonra ilk dəfə olaraq “balıqlar”ın heyətində meydana çıxıb. “Ney” ikinci hissədə meydana daxil olub, amma məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Bununla belə, Neymar çox şövqlü oyunu ilə səciyyəvi olub və istəkli görünüb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib. O, bu müddət ərzində “Santos”un heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Neymar 2023-cü ildə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. “Ney” uzun müddət – bir ilə qədər yaşıl meydanlardan kənarda qalmış, sonra bərpa olub sıraya qayıdaraq yenə zədələnmişdi. Bununla belə, Neymar yenə də sıraya qayıtmağa güc tapmış və tədricən özünün idman formasını bərpa edir.

Seçilən
74
1
arena.az

10Mənbələr