AZ

Rumıniyanın Ətraf Mühit naziri COP29-dan sonrakı iqlim gündəmi və gələcək çağırışlar haqda danışıb - MÜSAHİBƏ

Bakıda COP29-da qəbul olunmuş əlamətdar qərarlar qlobal iqlim hədəflərinə çatmaq və inkişaf etməkdə olan ölkələrə dəstək baxımından mühüm addımdır.

Day.Az xəbər verir ki, bunu Trend-ə özəl müsahibədə Rumıniyanın Ətraf-mühit, Sular və Meşələr naziri Mirça Feçet bildirib.

O, Yeni İqlim Maliyyəsi Hədəfi (2035-ci ilə qədər 300 milyard dollar) haqqında danışaraq xatırladıb ki, yeni kollektiv kəmiyyət hədəfi (NCQG) 2009-cu ildə qoyulmuş əvvəlki illik 100 milyard dollarlıq hədəfi üç dəfə üstələyib.

"Bu öhdəliklər iqlim təsirlərinin fəsadların yumşaldılması, adaptasiya və bərpa baxımından inkişaf etməkdə olan ölkələrdə təxirəsalınmaz maliyyə tələbatlarına cavab verir. Bəzi tənqidçilər bu məbləğin kifayət etmədiyini hesab etsələr də, artırılmış maliyyə əlavə dövlət və özəl investisiyaların səfərbər olunmasına yönəlib ki, bu da daha "təmiz" iqtisadiyyatlara keçidə və iqlim dəyişikliyinə dayanıqlılığın möhkəmləndirilməsinə təkan verir. Bu hədəf eyni zamanda zəruri dəstəyin artan miqyasını nəzərə alaraq, 2035-ci ilə qədər illik 1,3 trilyon dollara aparan yolu açır", - deyə nazir bildirib.

Feçet COP29-da işə salınmış İtki və Zərər fondu iqlim dəyişikliyinin ağır fəsadlarından əziyyət çəkən həssas ölkələri maliyyə resursları ilə təmin etdiyini əlavə edib.

"Öncəki konfranslarda əldə olunmuş razılaşmalara əsasən, Fond iqlimlə bağlı fəlakətlərdən daha çox əziyyət çəkən ölkələrin yenidənqurma və bərpa işləri üçün məqsədyönlü dəstək almasını təmin edəcək. Bu mexanizm bilavasitə iqlim ədalətliliyinin suallarına cavab verir, iqlimlə bağlı fəsadlardan qeyri-proporsional şəkildə əziyyət çəkən ölkələrə yardımın göstərilməsində inkişaf etmiş ölkələrin məsuliyyətini vurğulayır", - deyə o qeyd edib.

Nazir həmçinin vurğulayıb ki, Paris sazişinin 6-cı maddəsi əsasında yüksəkinteqrasiyalı karbon bazarları üçün təsbit olunmuş qaydaları karbon kreditlərinin beynəlxalq ticarəti üçün lazımi mexanizmlər yaradır.

"Bu, ölkələrin emissiyaların azaldılması məqsədlərinə səmərəli nail olmasına imkan verən şəffaf və tənzimlənən sistem formalaşdırır, eyni zamanda inkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji və ətraf mühitin mühafizəsi layihələrinə investisiyaları təşviq edir. Ölkələr arasında karbon kreditləri ticarəti və ekoloji bütövlüyün təmin edilməsi sayəsində bu sazişin əhəmiyyətli iqlim maliyyəsini cəlb edəcəyi və qlobal emissiyaların azaldılmasını stimullaşdıracağı gözlənilir", - deyə o əlavə edib.

Feçetin sözlərinə görə, qəbul edilmiş qərarlar maliyyə axınlarının Paris Sazişinin hədəfləri ilə uyğunlaşdırılmasında, davamlı inkişafın dəstəklənməsində və inkişaf etməkdə olan ölkələrin dayanıqlılığının artırılmasında mühüm irəliləyişdir.

"Bununla belə, maliyyələşdirmə həcminin artırılması və icrada ədalətin təmin edilməsi kimi çağırışlar qalır. Bu səylər qlobal iqlim gündəminin tam icrası üçün gələcək COP konfranslarında əlavə təkmilləşdirmə və tədbirlər tələb edəcək", - deyə o bildirib.

Feçet vurğulayıb ki, Azərbaycanda COP29-da qəbul edilmiş qərarların həyata keçirilməsində əsas vəzifə maliyyə resurslarının səfərbər olunmasıdır.

"Söhbət 2035-ci ilə qədər 300 milyard dollarlıq hədəfə nail olmaq üçün tələb olunan mexanizmin işə salınması və həm dövlət, həm də özəl sektordan ianələrin təmin olunmasından gedir. Çağırışlar arasında - bəyan olunmuş 300 milyard dollar məbləğ və hesablamalara görə 2035-ci ilə qədər hər il tələb olunan 1.3 trilyon dollarlıq məbləğ arasındakı böyük fərqi azaltmaq, həmçinin ölkələr arasında maliyyə öhdəliklərinin ədaləlti şəkildə bölüşdürülməsi ilə bağlı ortaya çıxan ixtilaflı məsələlərin həlli yer alır. Həmçinin 6-cı Maddəyə müvafiq olaraq karbon bazarlarının opertivləşdirilməsi, o cümlədən karbon kreditlərinin ticarəti üzrə idarəetmə mexanizmlərinin yaradılması və şəffaflığın təmin edilməsi son dərəcə vacibdir", - deyə o qeyd edib.

Nazir hesab edir ki, vacib olan digər tapşırıq inkişaf etməkdə olan ölkələrin potensialının gücləndirilməsidir.

"Bu, uyğunlaşma tədbirlərini yaxşılaşdırmaq, karbon bazarlarında iştirak etmək və Genişləndirilmiş Şəffaflıq Sistemi (ETF) çərçivəsində hesabat tələblərinə əməl etmək üçün texniki və maliyyə dəstəyinin təmin edilməsini nəzərdə tutur. Bu sahədə mövcud olan çətinliklərdən biri resursların və biliklərin əlçatarlığındakı qeyri-bərabərlikdir ki, bu da ədalətli iştiraka mane ola bilər. Daxili prioritetlər və iqtisadi qeyri-sabitlik kimi siyasi və iqtisadi maneələr də ciddi problemlər yaradır," - deyə Feçet qeyd edib.

O vurğulayıb ki, bu maneələri aşmaq üçün qlobal əməkdaşlığa, milli maraqların beynəlxalq iqlim hədəfləri ilə əlaqələndirilməsinə və dəyişən şərtlərə uyğunlaşa bilən dayanıqlı mexanizmlərin yaradılmasına ehtiyac var.

"Əlaqələndirilmiş səylər və şəffaflığa, ədalətə xüsusi diqqətin ayrılması sayəsində, COP29-da elan olunmuş öhdəliklər qlobal iqlim hədəflərinə nail olmağımızda əhəmiyyətli tərəqqiyə yol aça bilər", -deyə nazir vurğulayıb.

"COP29-da qəbul olunmuş qərarlar "COP Üçlüyü"nün birgə səylərini əhəmiyyətli şəkildə formalaşdırmış olacaq, belə ki, COP30-da sədrlik Braziliyaya keçir. Bu nəticələr iqlim maliyyəsi, karbon bazarları və şəffaflıq kimi əsas sahələrdə davamlılığı təmin edir.", - deyə o bildirib.

Feçet vurğulayıb ki, 300 milyard dollarlıq illik iqlim maliyyələşməsinin səfərbər olunması üzrə yeni hədəfin qoyulması "Üçlüyün" üzərinə son dərəcə vacib bir vəzifə qoyur - bu vəzifə dayanıqlı tərəqqini təmin etməkdən ibarətdir.

"Azərbaycanın COP29-a sədrliyi bu resursların səfərbər olunmasının təməlini qoyub, hərçənd Braziliyanın vəzifəsi hesabatlılıq prinsiplərinə riayyət etməklə özəl investisiyaların cəlb edilməsi ilə bağlı innovativ strategiyaların hazırlanmasından ibarət olacaq. Həmçinin İtki və Zərər Fondunun gələcək fəaliyyəti üzrə əlaqələndirilmiş işə ehtiyac var. Azərbaycanın ölkələr arasında etibarın möhkəmləndirilməsində nail olduğu uğur, Braziliyanın Fondu idarəetmə həssas ölkələrin təcili ehtiyaclarının ödənilməsi üçün vəsaitlərin bölüşdürülməsi üzrə mexanizmlərinin mükəmməlləşdirməsinə kömək edəcək. "Üçlük" bu mexanizmə olan gözləntilərlə bağlı məsələlərin həllində bu dinamikanı qoruyub saxlamalıdır.", - deyə nazir bildirib.

O həmçinin qeyd edib ki, 6-cı maddə çərçivəsində karbon bazarlarının qaydalarının tərtibatının yekunlaşması, tullantıların azaldılması üzrə beynəlxalq əməkdaşlığın təməlini qoyur.

"Braziliyanın rolu, xüsusilə ölkənin əhəmiyyətli təbii karbon uducularını nəzərə alaraq, bu bazarların necə effektiv işləyə biləcəyini nümayiş etdirmək baxımından həlledici rol oynayacaq. "Üçlük" COP29-da müəyyən edilmiş ekoloji təminatlar və şəffaflıq standartlarının həyata keçirilməsində ardıcıllığı təmin edəcək.

Ölkələr öz gücləndirilmiş şəffaflıq strukturu çərçivəsində şəffaflıq üzrə ikiillik hesabatlarını hazırladıqları bir vaxtda, "Üçlük" xüsusilə inkişaf etməkdə olan ölkələrdə potensialın artırılması baxımından vacib rol oynayacaq. Braziliya böyük ehtimalla, regional əməkdaşlıq və həmin hesabatlar üzrə tələbələr riayyət olunmasını möhkəmləndirmək baxımından bu səylərə əsas dəstəyi göstərəcək.

Nəhayət, Braziliyanın sədrliyi COP29-un uğurlarını COP30-da daha iddialı hədəflərə nail olmaq üçün bir bazis kimi istifadə edəcək. Bu, 2025-ci ilə qədər təqdim edilməli olan yenilənmiş milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) razılaşdırılmasını da əhatə edir. "Üçlük" əldə edilən tərəqqinin itirilməməsini və Bakıda əldə edilən razılaşmaların Braziliyada konkret nəticələrə gətirib çıxarmasını təmin etmək üçün tədbirləri əlaqələndirəcək. "Üçlüyün" birgə işi COP29-da götürülən öhdəliklərin real iqlim tədbirlərinə çevrilməsində həlledici rol oynayacaq", - deyə nazir vurğulayıb.

Seçilən
0
2
day.az

4Mənbələr