![Ağ](/uploads/posts/2025-02/tr-zel.webp)
ABŞ Prezidenti Donald Tramp bu həftə Ukrayna lideri Vladimir Zelenski ilə danışacağını bildirib. Bundan əlavə, o, Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun yaxın vaxtlarda Kiyevə səfər edəcəyini təsdiqləyib.
Reyting.az xəbər verir ki, Tramp Kelloqun Ukraynaya nə vaxt səfər edəcəyini dəqiqləşdirməyib. Lakin Qərb mətbuatı yazır ki, səfər fevralın 20-də baş tutacaq.
Zelenskinin mətbuat katibi Sergey Nikiforov da Kelloqun fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti ilə görüşəcəyini bildirib. Eyni zamanda, konfrans çərçivəsində Zelenski ilə ABŞ-nın vitse-prezidenti J.D.Vens arasında da görüş mümkündür. Bundan əlavə, Münhenə ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də gələcək.
“Biz gözləntilərimizi müttəfiqlərə çatdıracağıq. Münhendən qayıdanda prezidentə seçimlər təqdim etmək istəyirik ki, o, sülh prosesində birbaşa iştirak edəndə real vəziyyətin nədən ibarət olduğunu bilsin”, - Kelloq qeyd edib.
Onun sözlərinə görə, Ağ ev çoxdan gözlənilən danışıqların təfərrüatlarını yekunlaşdırır və bu, Trampın əsas köməkçilərinə yeni administrasiyanın müharibəyə yanaşması barədə mesaj vermək üçün ilk imkanı yaradır.
“Prosesin necə işlədiyini bilə-bilə, hamımız bir araya gəlsək və bunu qrup şəklində müzakirə etsək, Zelenski üçün yəqin ki, daha yaxşı olardı”, - Kelloq əlavə edib.
E. KAMAL