ABŞ prezidenti Donald Tramp bu həftə Ukrayna lideri Vladimir Zelenski ilə danışacağını bildirib.
Bundan əlavə, o, Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə Keyt Kelloqun yaxın vaxtlarda Kiyevə səfər edəcəyini təsdiqləyib.
Editor.az xəbər verir ki, bu barədə “Azad Avropa” Radiosu məlumat yayıb. Nəşr qeyd edib ki, Tramp Kelloqun Ukraynaya nə vaxt səfər edəcəyini dəqiqləşdirməyib. Lakin Qərb mətbuatının yazdığına görə, səfər fevralın 20-də baş tutacaq.
Zelenskinin mətbuat katibi Serhiy Nikiforov da Kelloqun fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti ilə görüşəcəyini bildirib.
Eyni zamanda, konfrans çərçivəsində Zelenski ilə ABŞ-ın vitse-prezidenti J.D.Vens arasında görüş baş tuta bilər. Bundan əlavə, Münhenə ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın müdafiə naziri Pit Heqset də gələcək. “Biz gözləntilərimizi müttəfiqlərə çatdıracağıq. Münhendən qayıdanda prezidentə seçimlər təqdim etmək istəyirik ki, o, sülh prosesində (birbaşa) iştirak edəndə bunun onun üçün necə görünəcəyini bilsin”, – Kelloq “Associated Press”-ə deyib. Onun sözlərinə görə, Ağ Ev çoxdan gözlənilən danışıqların təfərrüatlarını yekunlaşdırır və bu, Trampın əsas köməkçilərinə yeni administrasiyanın müharibəyə yanaşması barədə mesaj vermək üçün ilk fürsət verir. “Prosesin necə işlədiyini bilə-bilə, hamımız bir araya gəlsək və bunu qrup şəklində müzakirə etsək, Zelenski üçün yəqin ki, daha yaxşı olardı”, – Kelloq əlavə edib.
//Samir Qurbanov, Editor.az