ABŞ prezidenti Donald Tramp vergi ödəyicilərinin pulu ilə Qəzza sektorunu “almayacağını” bildirib...
Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi Ağ Ev rəhbəri ilə İordaniya kralı II Abdullah arasında keçirilən görüşün açıq hissəsinə istinadən məlumat yayıb.
Tramp qeyd edib ki, Qəzza Vaşinqton tərəfindən satın alınmasa da, bölgə Amerikanın ixtiyarında olacaq.
“Biz heç nəyi satın almayacağıq, amma Qəzzanı əldə edəcəyik və əmin olacağıq ki, əmin-amanlıq olsun və heç bir problem olmasın. Heç kim buna şübhə etməyəcək və biz oranı çox yaxşı idarə edəcəyik”, deyə Tramp bildirib.
Qeyd edək ki, fevralın 5-də İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra Donald Tramp Qəzza zolağının ABŞ-ın nəzarətinə keçəcəyini bəyan edib. O, etiraf edib ki, anklav “Yaxın Şərqin Riviera”sı ola bilər, lakin əvvəlcə 2 milyona yaxın sakinin başqa ölkələrə köçürülməsi lazımdır. Amerika prezidentinin ideyası BMT, Səudiyyə Ərəbistanı və Avropa ölkələri tərəfindən tənqid edilib.
Poliqon.info