AZ

Bu işlər 5 ilə görülüb... - İşıq sürəti ilə Qarabağa!

İşğaldan azad olunmuş torpaqlara ilk dəfə 4 il əvvəl səfər etmişdim. Dövlət qurumları Füzulidən üzü Şuşaya doğru sivilizasiyadan 30 il geri qalan ərazilərdə yenidənqurma, bərpa işlərinə başlamışdılar. Xaraba qalmış yaşayış məskənlərində ilk iş işıq dirəklərinin qoyulması, torpaqlarımızda Azərbaycan işığının yandırılmasına nail olmaq idi.

O zamanlar həmin ərazilərə ayaq basanda sanki bir dövrdən, fəsildən, epoxadan başqasına keçirdin. Qəfildən xarabalıq başlayırdı, ölü zonaya girirdin, ətrafda həyat əlaməti olmayan boz çöllər və yalnız bir divardan, bir qalaq daşdan ibarət qəbiristanlıq-kəndlər görünürdü. Budəfəki səfərdə isə fərqli mənzərə ilə qarşılaşdım desəm, yalan olmaz. Doğrudur, ekoloji terrorun izlərini tamamilə silməyə, bəlkə də, yüz illər lazım gələcək. Amma indi həmin ərazilərdə də həyat əlamətləri görünür, yol kənarlarında əkin sahələri, yeni salınmış qəsəbələr və təbii ki, həmin qəsəbələrə çəkilən elektrik dirəkləri göz oxşayır. Bir sözlə, işıq sürəti ilə nəinki Şuşaya, Xankəndiyə də çatmışıq. Bu 5 il ərzində həmin torpaqlar sözün həqiqi mənasında nura boyanıb...

Həkəri-Zəngilan yolu

Budəfəki səfərimiz “Azərişıq” ASC-nin 10 illik yubileyi ərəfəsində qurumun və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələrlə bağlı təşkil olunub.

“Azərişıq” əməkdaşları bu torpaqlara Silahlı Qüvvələrdən sonra ilk daxil olanlar idi. Onlar mina təhlükəsi, çətin relyef, qarlı qış günlərinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə 24 saat ən ağır şəraitdə çalışıb, qarlı-çovğunlu hava şəraitində qarşılarına qoyulmuş vəzifənin öhdəsindən layiqincə gələ biliblər. Şuşaya Topxana meşəsinin içərisindən keçməklə çox qısa müddətdə - 1 aya elektrik enerjisi vermək mümkün olub.

Yol bizi Ağalı kəndini dolanmaqla Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinə aparır. Məlum olur ki, bura vaxtilə Zəngilanın mərkəzi hissəsi olub. Lakin hazırda ərazidə bütün infrastruktur dağıdıldığından mərkəz olduğu yalnız keçmiş xatirələrdə, fotolarda qalıb.

Ağalı kəndi

Binanın qarşısındakı yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) diqqətimizi çəkir. ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirir ki, sözügedən ərazi Zəngilandan keçən nəqliyyat qovşağının üzərində yerləşdiyindən həmin EDM-lərin qoyulması mühüm əhəmiyyət daşıyır. Hətta artıq onların bu zonada istifadəçiləri də var.

Ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsi “Azərişıq” tərəfindən son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biridir. Bu sahədə son 1 il ərzində, xüsusən ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 ərəfəsində ciddi addımlar atılıb. Paytaxtda və regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda EDM-lər quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib. Təkcə işğaldan azad olunmuş ərazilərdə 20 EDM quraşdırılıb. Görülən işlər, həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib. Artıq Qarabağ və Şərqi Zəngəzur 100 faiz yaşıl enerji ilə təmin olunub.

Zəngilanda yeni EDM-lər

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadənin sözlərinə görə, 5 ildir işğaldan azad olunan ərazilərdə doğma sakinlərinə qovuşan rayon və kəndlərin məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlarla elektrik xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır.

Ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0.4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq 1 yarımstansiya, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istismara verilib.

2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Sentyabrın 2-də ölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq “İstisu” yarımstansiyasını işə salıb. Oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazır vəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verən SCADA sistemi ilə təchiz edilib.

İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin tikintisi də davam edir. Laçında müasir yarımstansiya və rəqəmsal idarəetmə mərkəzi tikilir, eləcə də 110/35/10 kV-luq “Minkənd” yarımstansiyasının inşası, “Ağbulaq-SES” və “Minkənd” yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN (özünüdaşıyan isolyasiyalı naqil) xəttinin çəkilişi yekunlaşmaq üzrədir. Xocalıda “Xocalı” yarımstansiyası və İdarəetmə Mərkəzinin tikintisi, “Əsgəran”, “Malıbəyli” və “Sığnaq” yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir.

Xocavənddə “Zoğalbulaq” yarımstansiyasının tikintisi, Hadrut “Qovşaq” yarımstansiyası ilə “Zoğalbulaq” yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsədilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri gedir.

2269 metr hündürlükdə yerləşən Bartaz yüksəkliyinə qədər ən ucqar nöqtələr elektrik enerjisi ilə təmin olunub. “Azərişığ”ın ən ümdə vəzifəsi Azərbaycan əsgərinin olduğu bütün ərazilərdə işıq yandırmaqdır. Vaxtilə bizə yuxu kimi görünsə də, indi işğaldan azad olunmuş ərazilərdə ASC 5097 abonentə xidmət edir. Bunların 4182-si əhali, 915-i isə qeyri-əhali abonentidir. Qarşıdakı illərdə bu sayın kəskin artacağı isə şübhəsizdir.

Gülnar Əliyeva




Seçilən
30
11
qafqazinfo.az

10Mənbələr