Tramp İordaniya kralı II Abdullah ilə görüşünün açıq hissəsində ABŞ-ın Qəzza zolağını satın almayacağını və vergi ödəyicilərinin pullarını bu məqsədlə xərcləməyəcəyini bəyan edib. O eyni zamanda, Qəzzanın Amerika nəzarətində olacağını və bölgə ilə bağlı "düzgün" addımlar atılacağını bildirib.
HƏMAS bəyanatında Trampın bu sözlərini "Fələstin problemini aradan qaldırmaq və xalqın hüquqlarını inkar etmək məqsədi güdən irqçi və etnik təmizləmə çağırışı" adlandırıb.
Bundan əvvəl Tramp ABŞ-ın Qəzza zolağını nəzarətə götürəcəyini, bölgədə bərpa işlərinə cavabdeh olacağını və Qəzzanı "Yaxın Şərqin Rivyerası"na çevirmək niyyətində olduğunu vurğulamışdı. O Qəzzanı "söküntü meydançası" adlandıraraq, sakinlərin İordaniya və Misir də daxil olmaqla, digər ölkələrə köç etməsinin məqsədəuyğun olduğunu bildirmişdi. Tramp hətta ABŞ-ın Qəzzaya ordu göndərə biləcəyini və bölgəni şəxsən ziyarət edəcəyini qeyd edib.
Digər tərəfdən, ABŞ Konqresinə Respublikaçılar tərəfindən Qərb Sahilinin adının rəsmi sənədlərdə "Yəhuda və Samariya" olaraq dəyişdirilməsi təklifini nəzərdə tutan qanun layihəsi təqdim edilib.
Fələstinin Moskvadakı səfiri Abdelhafiz Nofal Trampın təkliflərinə qarşı çıxdıqlarını bəyan edib. İsrailin xarici işlər naziri Qideon Saar isə parlamentdə çıxışı zamanı Qəzza zolağını "uğursuz eksperiment" adlandıraraq, Trampın sakinlərin köçürülməsi ilə bağlı ideyasını dəstəkləməyə çağırıb.