AZ

Satoşi Nakamoto yenidən gündəmdə: 100 milyard dollarlıq "Bitcoin" cüzdanlarına nə olacaq?

"Bitcoin" özünü kriptovalyutanın lideri elan edən Donald Trampın Ağ Evə qayıdışı ilə qiymətdə sıçrayış yaşadıqdan sonra yenidən diqqət mərkəzinə çevrilib. 100 min dollar həddini keçən "Bitcoin"in populyarlığının artması ilə birlikdə, real kimliyi hələ də bilinməyən yaradıcısı Satoşi Nakamoto yenidən müzakirə mövzusuna çevrilib. Keçən il HBO tərəfindən yayımlanan və Nakamotonun şəxsiyyətini açıqladığı iddia edilən sənədli film də bu mübahisələri yenidən alovlandırmışdı.

Valyuta.az xəbər verir ki, indi X sosial platformasının sahibi İlon Mask ABŞ Maliyyə Nazirliyi üçün "Bitcoin"dən ilhamlanan planlarının olduğunu təsdiqləyib. Digər tərəfdən, "Coinbase" kriptobirjasının rəhbərlərindən biri Satoşi Nakamotonun şəxsiyyətinin rəqib kriptobirja "Kraken" tərəfindən bilindiyini iddia edib. Məlumatlara görə, tək bir şəxs və ya bir qrup ola biləcək Nakamotonun "Bitcoin" ehtiyatlarının dəyəri 100 milyard dolları ötür.

Satoşi Nakamoto 2014-cü ildən bəri aktiv deyil?

X hesabından paylaşım edən "Coinbase" rəhbərlərindən Konor Qroqan deyib: "Satoşi Nakamotonun cüzdanına baxdım. Mənim ən məntiqli ehtimalım odur ki, Nakamoto sonuncu dəfə 2014-cü ildə blockchain üzərində aktiv olub. O, Kanadada fəaliyyət göstərən bir "Bitcoin" birjasından istifadə etmiş ola bilər və "Kraken" onun kim olduğunu bilir".

Satoşi Nakamotonun son məlum mesajı 2011-ci ildə "Bitcoin" inkişafçısı Mayk Hörnə e-poçt vasitəsilə göndərilmişdi. O, mesajında "Bitcoin"in gələcək inkişafı ilə bağlı işləri başqalarına buraxacağını bildirmişdi.

Kvant kompüterlər "Bitcoin" üçün risk yarada bilər

"Tether" şirkətinin baş direktoru Paolo Ardoino kvant kompüterlərin gələcəkdə aktiv olmayan "Bitcoin" cüzdanlarını sındıra biləcəyi və Nakamotoya aid olduğu güman edilən 100 milyard dollarlıq "Bitcoin"in yenidən dövriyyəyə buraxıla biləcəyi barədə xəbərdarlıq edib.

Ardoino X sosial şəbəkəsində yazdığı paylaşımda yazıb: "Əgər Satoşi Nakamoto artıq həyatda deyilsə, ona aid cüzdanlar da daxil olmaqla itirilmiş "Bitcoin"lər hack ediləcək və yenidən bazara qaytarılacaq".

O, həmçinin qeyd edib ki, hazırda kvant kompüterlər "Bitcoin"in kriptoqrafiyasını sındırmaq üçün kifayət qədər inkişaf etməyib, lakin gələcəkdə bu təhlükənin qarşısını almaq üçün kvant müqavimətli yeni ünvanların "Bitcoin" sisteminə əlavə ediləcəyini bildirib.

Kvant texnologiyasında son irəliləyişlər göstərir ki, növbəti on il ərzində ilk tam funksional kvant kompüterlərin yaranması gözlənilir. Kanadadakı Kalgari Universitetindən alim Pierre-Lük Daller-Demers hesab edir ki, təxminən beş il sonra ticarət məqsədli kvant kompüterlər "Bitcoin" cüzdanlarını qoruyan eliptik əyri açarlarını sındıra biləcək.

"Kraken"dən cavab gecikmədi

Qroganın iddialarına cavab verən "Kraken" rəsmi X hesabında "Hamımız Satoşiyik" ifadəsini paylaşaraq, "Bitcoin" cəmiyyətində məşhur olan bu şüarı vurğulayıb. Bu, dolayısı ilə "Satoşi Nakamotonun real kimliyi əhəmiyyətli deyil və o, tapılmaq istəmirsə, axtarılmamalıdır" mesajını verib.

Blockchain analitik platforması "Arkham Intelligence" isə bu həftə "Patoshi Pattern" adlanan "Bitcoin" ünvanlarını araşdıraraq Nakamoto ilə əlaqəli yeni cüzdanlar müəyyən etdiyini açıqlayıb. Araşdırmaçılar "Arkham sistemində Satoşi Nakamoto hesabına 1 milyon 96 min 354 "Bitcoin" ehtiva edən 22 min əlavə "Bitcoin" ünvanı əlavə etdik" deyə bildiriblər. Bu ünvanların Satoşinin "Bitcoin" mədənçiliyi üçün istifadə etdiyi tanınmış "Patoshi modeli"nə əsaslandığını və onun "Bitcoin" xərclədiyi yeganə ünvanları əhatə etdiyini vurğulayıblar.

"Bitcoin"in qiymət artımı fonunda, Nakamoto adlanan şəxs və ya qrupun hələ də "Bitcoin"ləri idarə edib-etmədiyi sual altındadır. Əgər bu ehtimal doğrudursa, Nakamoto dünya miqyasında 100 milyard dollarlıq sərvətə sahib olan ən müəmmalı şəxs və ya qurumlardan biri olaraq qalır.

Paşa Məmmədli

Seçilən
27
50
valyuta.az

10Mənbələr