Rəqəmsal alətlər vergi xidmətləri üzrə keyfiyyətin artmasına və biznes proseslərinin asanlaşdırılmasına yardım edir.
Day.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv transformasiya" Forumunda deyib.
Nazir bildirib ki, texnologiyaların inkişafı insanların vaxt itkisini aradan qaldırmağa xidmət edir. Onun sözlərinəgörə, elektron vergi xidmətlərinin genişləndirilməsi nəticəsində bu gün sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirə bilirlər: "Vergi sisteminin inkişafı üzrə qət etdiyimiz məsafə, vergi ödəyicilərinin məmnunluğu qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyinə inamı artırır. Gələcəyə hədəflənən aydın strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcudluğu bunun təminatı kimi çıxış edir. Birlikdə daha uğurlu nailiyyətlərə imza atacağımıza inam yüksəkdir. Biz xidmət səviyyəsini artırmalı, sahibkarlıq mühitini daha da yaxşılaşdırmalıyıq.
Çıxışımın yekununda vergi sisteminin inkişafına töhfə verən vergi işçilərinə, islahatların həyata keçirilməsinə dəstək verən tərəfdaşlarımıza və vergi öhdəliklərini vicdanla yerinə yetirən sahibkarlarımıza bir daha minnətdarlığımızı bildirmək istəyirəm".