Çempionlar Liqasının 1/16 finalında “Seltik”ə qarşı səfər oyunu “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Keyn cütün ilk oyununda “Bayern”in 2:1 hesablı qələbəsinə vurduğu qolla töhfəsini verib.
Bununla da ingilis qolçu Çempionlar Liqasında müstəsna nailiyyətə müvəffəq olub. Belə ki, Keyn “Bayern”in heyətində Çempionlar Liqasında keçirdiyi ilk 20 oyunda 20 səmərəli fəaliyyəti ilə diqqət çəkib. Keyn bütün 20 qolun vurulmasında birbaşa və ya dolayı iştirak edib – inglis hücumçu rəqiblərinin qapılarını 15 dəfə “dəlib”, həmçinin 5 məhsuldar ötürmə müəllifi olub. Keyn ilk 20 oyunda müvafiq nailiyyətə imza atmaqla, “Bayern”in oyunçuları arasında tarixi ilki müəyyənləşdirib.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 29 oyuna çıxıb, 29 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 74 oyun, 73 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.