AZ

Vüsal ehtiyatda qaldı, Renat ilə Həsən isə…

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 24-cü turu çərçivəsində “Pendikspor”la qarşılaşıb.

“Boluspor” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.

24 turdan sonra “Boluspor” 33 xalla 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Son dörd oyununda qələbəyə həsrət olan Vüsalın komandası 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Bu üzdən bir neçə gün öncə baş məşqçi dəyişikliyinə də əl atmış Bolu klubu “Pendikspor”la matça məhz yeni baş məşqçisi Yalçın Koşukavakın rəhbərliyi altında çıxıb. Amma onun debütü uğursuz alınıb.

Vüsal İsgəndərlinin komandası Birinci Liqanın cari mövsümündə keçirdiyi 24 oyunda 9 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyət görüb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avro müqabilində keçib. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var. Azərbaycanlı hücumçu “Boluspor”da indiyə qədər 26 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Bu gün digər azərbaycanlı futbolçuların – Renat Dadaşovla Həsən Nəzərovun çıxış etdiyi “Ankaragücü” komandası da növbəti matçını keçirib. Sözügedən komanda evdə “Fatih Karagümrük”lə qarşılaşıb və 0:1 hesabıyla uduzub. Azərbaycanlı futbolçuların adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

“Ankaragücü” 24 turdan sonra 30 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Futbolçularımızın komandası 24 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 5 oyun keçirib.

Seçilən
37
2
arena.az

10Mənbələr