Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Report” xəbər verir ki, “Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir” adlı süjetdə Ermənistan İqtisadiyyat Nazirliyinin yanında Turizm Komitəsinin rəhbəri Lusine Gevorqyanın fikirlərinə yer verilir.
Bildirilir ki, L.Gevorqyan hotel rəhbərləri ilə görüşdə ibadət otaqlarının açılmasının zərurət olduğunu və bundan imtina edəcək otellərin lisenziyalarının ləğv ediləcəyini deyib.
Bu məsələ Ermənistan ictimaiyyətində ciddi müzakirələrə, mətbuatda şübhələrə yol açıb və “azərbaycanlıların qayıdışına hazırlıq” kimi təqdim edilib.
Erməni jurnalist Hraçya Qalustyan yazır ki, hotellərdə “müsəlmanlar üçün ibadət yerləri”nin açılması təklif yox, sərt tələbdir: “Mövcud hakimiyyətimiz getdikcə Azərbaycana daha çox güzəştə gedir. Bu, tezliklə Ermənistana sərbəst giriş əldə edəcək azərbaycanlıların gözlənilən qayıdışı ilə bağlıdır. İctimai rəydə azərbaycanlırın tarixi torpaqlarına qayıdışı, Qərbi Azərbaycan reallığı tədricən qəbul edilir. Məhz buna görə Ermənistanda heç kim Paşinyanın, hökumət rəsmilərinin sözlərinə inanmır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.