ABŞ prezidenti Donald Tramp Oval Ofisdə keçirilən imza mərasimində Rusiya ilə bağlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, Tramp Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və ABŞ-ın daxil olduğu G7-yə Rusiyanın da yenidən qəbul edilməli olduğunu bildirib.
O, Rusiyanın Krımı ilhaq etməsindən sonra o zamankı ABŞ prezidenti Barak Obamanın Rusiyanı G7-dən çıxarmasını yanlış hesab etdiyini qeyd edib: "Onların geri alınmasını çox istərdim. Düşünürəm ki, onları çıxarmaq səhv idi. Məsələ Rusiyanı bəyənib-bəyənməməkdən getmir, söhbət G8-dən gedir".
Tramp Rusiya prezidenti Vladimir Putinin də masa arxasında olmaq istədiyini düşündüyünü bildirib: “Çox güman ki, “Böyük səkkizlik” mövcud olsaydı, Ukrayna ilə bağlı bu problem yaşanmazdı və o zaman mən prezident olsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi”.