Olaylar.az xəbər verir ki, bu məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.
Məruzəyə əsasən, normativ hüquqi aktların tələblərinə zidd olan 2 594 (2,5%) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən, aidiyyəti bələdiyyələrə təkliflər verilib, 399 (0,5%) akt isə baxılmaqdadır. Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən 1 342 (51,7%) akt ləğv edilib, 1 133 (43,7%) akt dəyişdirilib, 110 (4,2%) təklif isə baxılmaqdadır. Bələdiyyələr tərəfindən təmin olunmayan 9 (0,4%) təklif üzrə aidiyyəti məhkəmələrdə iddia qaldırılıb.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan 4 337 müraciətdən 3 963-nə (91,4%) baxılıb, 129-u (3%) aidiyyəti üzrə göndərilib, 245 (5,6%) müraciət isə baxılmaqdadır. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilən dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilən təkliflər əsasında qanunvericiliyin tələblərinə zidd 74 bələdiyyə aktının hamısı ləğv edilib.
Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif edilən 2 668 aktdan 1 416-sı (53,1%) ləğv edilib, 1 133-ü (42,5%) dəyişdirilib, 9 (0,3%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 110 (4,1%) təklif isə baxılmaqdadır.
İl ərzində bələdiyyə fəaliyyəti ilə bağlı baxılan müraciətlərin 463-ü təmin edilib, şəhid ailə üzvlərinin, müharibə əlili və iştirakçılarının müraciətləri xüsusilə nəzarətdə saxlanılıb və belə müraciətlərdən 108-i təmin olunub. Müraciətlərin həlli istiqamətində göstərilən diqqətə və qayğıya görə 20 vətəndaşın (o cümlədən 9 şəhid ailə üzvü, müharibə əlili və iştirakçısı) təşəkkür ifadə edən məktubları daxil olub.
2024-cü il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb. Belə ki, aparılan araşdırmalar zamanı 51 halda (2023-cü ildə 30) ciddi qanun pozuntuları aşkar edilərək toplanan sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 21-i (2023-cü ildə 15) üzrə cinayət işi başlanıb.
Daxil olan müraciətlərin intensivliyi, xarakteri və bələdiyyələr barədə məlumatların təhlilinin nəticələri nəzərə alınaraq son 5 il ərzində 158 bələdiyyənin (2020-ci ildə - 23; 2021-ci ildə - 27; 2022-ci ildə - 27; 2023-cü ildə - 30 və 2024-cü ildə - 51) fəaliyyətində cinayət əlamətləri aşkar edildiyindən toplanan sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
2024-cü il ərzində yerli özünüidarəetmə fəaliyyətində yol verilən səciyyəvi nöqsanlar aşağıdakılardır:
- Bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması;
- Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması;
- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi;
- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməməsi;
- Bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi;
- Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habelə hərraca və ya müsabiqəyə çıxarılan tor- paqların ilkin qiymətinin bazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyən edilməsi;
- Bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində yerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması işi aşağı səviyyədə təşkil edilməklə bələdiyyənin maliyyə vəziyyətinin əsaslı şəkildə pisləşməsi.
Bələdiyyələrin 2024-cü il ərzindəki fəaliyyəti ilə bağlı vətəndaş şikayətlərinin əsas səbəbləri araşdırılıb.
Təhlillər nəticəsində məlum olub ki:
Bakı şəhəri üzrə bələdiyyələr tərəfindən əsasən ötən dövrlərdə qanunsuz torpaq sahələrinin ayrılması, vergitutma obyektlərinin uçotu və yerli vergilərin hesablanmasında qanunvericiliyin tələblərinin pozulması, yerli əhəmiyyətli məsələlərin həlli, o cümlədən abadlaşdırma və yaşıllıqların mühafizəsi ilə bağlı vəzifələrin lazımi səviyyədə yerinə yetirilməməsi hallarına rast gəlinir.
Region bələdiyyələri tərəfindən əsasən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi, bələdiyyə torpaqlarının zəbt edilməsi, yaxud təyinatından kənar istifadə edilməsi, qeyri-qanuni istifadə olunan, habelə icarə müddəti bitən torpaqların bələdiyyənin sahibliyinə qaytarılması və dəyən ziyanın ödənilməsi istiqamətində hər hansı tədbir görülməməsi kimi nöqsanlara yol verilir.
Bu şikayətlərin əsas səbəbi əhalinin bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qanunvericiliyin tələblərini bilməməsi, bələdiyyələrdə mülkiyyətlərinə aid torpaqlar barədə ətraflı məlumatın olmaması, torpaqayırma prosedurlarının uzun müddət tələb etməsi, bələdiyyə torpaqları üzərində nəzarətin, o cümlədən torpaqların mühafizəsinin düzgün təşkil edilməməsi, bəzən isə bələdiyyələrin vəzifəli şəxslərinin bələdiyyə torpaqlarından qanunsuz istifadəyə şərait yaratmasıdır.
İnzibati nəzarət zamanı müəyyən edilən hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri (vətəndaş məmnunluğunun yüksəldilməsi, bələdiyyə aktlarının qəbulu, debitor və kreditor borclarının dəqiq uçotunun aparılması, vergi və ödənişlərin toplanılmasında nəzarətin gücləndirilməsi, yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi, büdcə vəsaitlərindən istifadə, yerli vergilərin hesablanması, bələdiyyə torpaqlarının idarə olunması, şəffaflığın təmini və s.) əhatə edən tövsiyələr hazırlanaraq göndərilib.
İl ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə 103 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrin icraatındadır.
Bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
2024-cü ildə bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə büdcə gəlirlərinin artırılması, o cümlədən vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi və uçotdan kənarda qalan vergitutma obyektlərinin vergiyə cəlb edilməsi, vergilərin və digər debitor borcların qanunauyğun hesablanaraq yığılması, əvvəlki illərdə icarəyə verilən bələdiyyə torpaqlarının icarə haqlarının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
Dövlət Statistika Komitəsinin 9 aylıq məlumatına əsasən, əvvəlki illə müqayisədə 2024-cü ildə yerli büdcə gəlirləri 7,1 milyon manat (18,6%), o cümlədən yerli vergilərdən daxil olmalar 3,4 milyon manat (21,2%) artıb.
Həmçinin vurğulanıb ki, bələdiyyə torpaqlarından yerli əhalinin mənafeyi naminə qanunauyğun və səmərəli istifadə olunması da yerli büdcə gəlirlərinin artımına müsbət təsir göstərir. Bu sahədə işlərin davamlılığı il ərzində diqqətdə saxlanılıb.
İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9 720 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 9 686 hektar torpaq sahəsinin icarəyə, 34 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 3 376 hektar örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilən iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
"Elektron icra" informasiya sistemi vasitəsilə əldə edilən məlumata əsasən, 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilən 11 290 inzibati akt (2023-cü il ərzində 5 585) icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 16 785 inzibati akt olub. Onlardan 6 669 aktın (2023-cü il ərzində 7 523) icrası təmin edilib.
Belə ki, 2024-cü il ərzində dövlət büdcəsindən bələdiyyələrə göstərilən maliyyə dəstəyinin (dotasiya və subvensiya) məbləği artaraq ilk dəfə 8 milyon manatdan çox vəsait ayrılıb.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Qeyd edək ki, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.