Ehtiyatda olan hərbçilər üçün bəzi cərimələr aradan qaldırılır.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsi, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlara təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilən hərbi vəzifəlilər vətəndaşların ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimə edilməyəcəklər.
Həmçinin, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilən hərbi vəzifəlilər hərbi vəzifəlilər və çağırışçıların yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına görə cərimələnməyəcəklər.
Məlumat üçün bildirək ki, qanun layihəsində normaların daha aydın və birmənalı ifadə edilməsi məqsədilə dəyişikliklər təklif edilir və həmin dəyişikliklər mahiyyətcə dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.
İnzibati Xətalar Məcəlləsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişikliklərin əsas məqsədi həmin dəyişiklikləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun qüvvədə olan 2.0.5-ci, 4.2-ci və 4.4-cü maddələrinə uyğunlaşdırmaqdır.
Belə ki, həmin Qanunun 2.0.5-ci, 4.2-ci və 4.4-cü maddələrinin tələblərindən məlum olduğu kimi müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilən hərbi vəzifəlilər istisna olmaqla ölkəmizdə çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.
Qeyd olunanları nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 606.2.1-ci və 606.2.2-ci maddələrinə “müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər” ifadəsinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna “çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanı” ifadəsinin əlavə edilməsi təklif edilir.
Bundan başqa, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun 17.4-cü maddəsində nəzərdə tutulan “hərbi uçot” ifadəsinin dəqiqləşdirilərək “hərbi qeydiyyat” ifadəsi ilə əvəz edilməsi təklif edilir.
17.4-cü maddə məhz hərbi qeydiyyat orqanları tərəfindən hərbi vəzifəlilərin səfərbərlik zamanı hərbi xidmətə çağırılmasını müəyyən edir.
Hərbi uçot isə hərbi qeydiyyat orqanları tərəfindən həyata keçirilmir. Belə ki, Nazirlər Kabinetinin 2013-cü il 8 may tarixli 76 nömrəli Qərarı ilə təsdiq edilən “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 1.1-ci və 1.2-ci bəndlərindən göründüyü kimi çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotu vətəndaşların hərbi qeydiyyatı üçün müəyyən edilən qaydalara riayət edilməsinə, Azərbaycan ordusuna və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılan başqa silahlı birləşmələrə çağırılan mütəxəssislərin əvəz edilməsinə lazım olan kadrların qabaqcadan hazırlanmasına, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin müdafiə və səfərbərlik tədbirlərinin keçirilməsinə kömək və hərbi qeydiyyatın real vəziyyətdə aparılmasına nəzarət məqsədilə dövlət orqanları (o cümlədən, konsulluqlar), yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və Azərbaycanda fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılan hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri tərəfindən həyata keçirilir.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Bizim.Media