Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə (Britaniyanın şimal qərbində yerlən Çeşir qraflığı - red.) reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.
hakimiyyet.az xəbər verir ki, bu barədə Londonun "Northwhitch Guardian" nəşri məlumat yayıb.
Həmin məlumatda qeyd olunur ki, keçmiş səfir Çeşirdəki reabilitasiya klinikasında yuxu dərmanlarından asılılıqdan müalicə olunub.
Rafael İbrahimov 2023-cü il dekabrın 5-də sərxoş vəziyyətdə klinikaya gedib, nalayiq ifadələrdən istifadə edib və özünü aqressiv aparıb.
Prokuror Coşua Qorst bildirib ki, R.İbrahimov klinikanın üç qadın əməkdaşına seksual xarakterli hərəkətlər edib.
Norveç və İsveçdə də səfir vəzifəsində çalışmış Rafael İbrahimov ona qarşı irəli sürülən cinayət işinin beş bəndi üzrə təqsirini etiraf edib.
Nəticədə hakim Rafael İbrahimovu iki il şərti olmaqla 16 ay həbs cəzasına məhkum edib. Üstəlik, R.İbrahimovun adı 10 il müddətində seksual cinayətlər törətmiş şəxslərin qeydiyyatında olacaq.
Xatırladaq ki, Rafael İbrahimov 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmaqdan imtina edib və o, zamandan etibarən Londonda yaşayır.