AZ

Ələt-Osmanlı-Astara dəmir yolunda hansı işlər görülüb?

Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsi üzrə işlərə 2024-cü ildən başlanılıb. Dəmiryol xəttinin ox üzrə uzunluğu 245 km-dir.

Day.Az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Qeyd edilib ki, tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

"Layihə dörd mərhələdə həyata keçirilir. 1-ci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 77 süni mühəndis qurğusu, o cümlədən, 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçidi, eləcə də, müxtəlif ölçülü suötürücü boruların tikintisi və heyvanların keçidi üçün alt keçidlərin tikintisi daxildir. 1-ci mərhələ üzrə işlər, həmçinin, üç stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.

1-ci km-də yerləşən üst avtomobil keçid körpüsünün tikintisi davam edir, hazırda körpünün beton işləri yekunlaşıb, yan yolların tikintisinə maneə olan yeraltı xətlərin köçürülmə işləri davam edir. 12-ci km-də yerləşən dəmiryol körpüsünün svay işləri başlanılıb. Burada işlər davam edir.

60-cı km-də yerləşən daha bir üst avtomobil keçid körpüsünün isə svay işləri tamamlanıb, hazırda tikinti işlərinə mane olan yeraltı və yerüstü xətlərin köçürülməsi işləri aparılır.

Birinci mərhələ üzrə mövcud dəmir yolunun 50 faizi demontaj olunub. İşlər davam etdirilir.

2-ci mərhələ üzrə Kür çayı üzərində körpünün tikintisi tamamlanıb. Digər mərhələlər üzrə layihələndirilmə işləri davam etidirilir", - deyə qurumdan məlumat verilib.

Qeyd edək ki, Ələt-Osmanlı-Astara dəmir yolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsidir.

Şimali Avropa, həmçinin, Rusiya ilə Hind okeanını birləşdirmək üzrə böyük strateji əhəmiyyətə və tranzit potensialına malik Şimal-Cənub dəhlizinin inkişafı üçün Azərbaycan qonşu ölkələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını 2024-cü ildə əhəmiyyətli dərəcədə genişləndirib.

Ötən ilin dekabrında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən, dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb, bir neçə gün əvvəl saziş Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənib.

Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Bu saziş üzrə əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq və daşıma həcmlərinin artım və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq.

"Azərbaycan Dəmir Yolları" Şimal-Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının rekonstruksiyasını başa çatdırıb, ərazidə sürətli gömrük-keçid xidmətinin yaradılmasına nail olub. Rekonstruksiya çərçivəsində yük anbarı müasir standartlara uyğun təmir edilib, terminal lazımi texnika və təhlükəsizlik kameraları ilə təmin edilib. Həmçinin, yüklərin çəkisini müəyyən etmək üçün tərəzi və sürətli internetlə təchiz olunmuş gömrük məntəqəsi yaradılıb. Paralel olaraq İranın Astara şəhərində yerləşən terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılması, Azərbaycan və İran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən "Cənub Yük Terminalı" MMC-nin fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

Terminal multimodal daşıma xidmətləri təqdim edərək ekspeditor şirkətləri üçün yeni imkanlar yaradır. Qəbul edilən yüklərin daşınması və aşırılması üçün endirimli tariflər tətbiq olunur. Terminalın fəaliyyəti Şimal-Cənub dəhlizi üzrə tranzit yükdaşımaları ilin sonunadək 10-15% artırmağa imkan verib. Terminalın potensialının Astara-Rəşt dəmiryol xətti istifadəyə verildikdən sonra daha böyük yük həcmi üçün reallaşdırılması planlaşdırılır.

Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur.

Seçilən
1
1
day.az

2Mənbələr