Könüllü və yaxud icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında sığortaçılar sığorta hadisəsi tarixçəsini sorğulaya biləcəklər. Bununla da risk qiymətləndirməsi aparmaq mümkün olacaq.
Azərbaycanda sığorta şirkətləri onlardan sığorta məhsulları almaq istəyən şəxslərin yazılı razılığı əsasında onların sığorta hadisəsi tarixçələrini əldə edə biləcəklər. Bunu İcbari Sığorta Bürosunun (İSB) baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Sığorta hadisələrinin tənzimlənməsi sürətlənəcək
Onun sözlərinə görə, könüllü və yaxud icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında sığortaçılar sığorta hadisəsi tarixçəsini sorğulaya biləcəklər. Bununla da risk qiymətləndirməsi aparmaq mümkün olacaq. Daha bir yenilik İSB-nin üzvü olmayan sığorta şirkətlərinə Forma-4 sənədinin elektron şəkildə təqdim edilməsi olacaq: "Hazırda bu, qismən həyata keçirilir və sığortaçılar İSB-nin informasiya sistemi vasitəsilə bu məlumatları sorğulaya bilirlər. Növbəti mərhələdə İSB-nin üzvü olmayan sığorta şirkətləri bağladıqları könüllü sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin Forma-4 sənədini elektron formada sorğulaya biləcəklər. Bununla da sığorta hadisələrinin tənzimlənməsi prosesi sadələşməklə yanaşı, həm də sürətlənəcək".
Sığorta hadisələrinin strukturu
A.Səmədov bildirib ki, Azərbaycanda ötən il bağlanmış sığorta müqavilərinin və baş vermiş sığorta hadisələrinin sayına görə ən yüksək göstərici bazar ertəsi gününə təsadüf edib.
Onun sözlərinə görə, ötən il ən çox sığorta müqaviləsi 2009-2013-cü illərdə istehsal edilmiş nəqliyyat vasitələri üzrə bağlanıb və xüsusi çəkisi 23% təşkil edib. Ən çox sığorta hadisəsi isə 2004-2008-ci illərdə istehsal edilmiş nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınıb.
"Sığortalıların yaş qrupları üzrə statistikası isə göstərir ki, yaşı 36-50 arasında olanların bağladığı müqavilələrin sayı daha çoxdur və hadisələrin sayı da bu yaş qrupunda daha yüksəkdir. Zərər məbləğinə gəldikdə isə ən çox ödənilən zərər məbləği kateqoriyası 1 000 manatdan aşağı olan hissəyə aiddir. Bölgələr üzrə statistikaya baxsaq, ən çox hadisə Abşeron, Sumqayıt və Bakı şəhərlərinin payına düşüb" - deyə o qeyd edib.
Zərərçəkmiş bütün prosesi izləməyə biləcək
A.Səmədov qeyd edib ki, Azərbaycanda sığorta hadisəsi baş verən zaman müstəqil ekspertləri İSB-nin informasiya sistemi üzərindən təyin etmək mümkün olacaq.
"Yol-nəqliyyat hadisəsi baş verdikdə qiymətləndirmə aparılır və bu, yeddi iş günündə həyata keçirilməlidir. Əgər zərərçəkmiş qiymətləndirmədən narazı qalarsa, müstəqil ekspert təyin edilir. Bu məsələni artıq İSB-nin informasiya sistemi üzərindən həll etmək mümkün olacaq. Bu da zərərçəkmişə bütün prosesi izləmək imkanı verəcək", - deyə o qeyd edib.
© Kaspi.az