Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq.
Senzor.az bildirir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq Qərar verib.
Qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq.
Bundan başqa, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi.
Bundan başqa, 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı.
Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.