AZ

Didye Deşam Kilian Mbappe ilə münaqişədədirmi?

Fransa yığmasının baş məşqçisi Didye Deşam “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe ilə münasibətini açıqlayıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, fransız mütəxəssis “xoruzlar”ın kapitanı ilə münaqişədə olduğu haqda şayiələri cavablayıb:

“Mətbuat hesab edir ki, mənim Mbappe ilə münasibətim pozulub? Sizin müdafiəniz üçün – sizin məlumatınız yoxdur, məlumatınız olduqda isə bu, heç də həmişə doğru deyil. “Oyunçuya yaxın mənbənin məlumatına görə” başlığı sizi tamamilə yanlış istiqamətə yönəldə bilər. Nə baş veribsə – daha baş verib. Kilian bunu bilir, mən isə onunla ünsiyyətə davam etmişəm. Bu haqda danışılacaq başqa heç bir xüsus yoxdur”, deyə Deşəm vurğulayıb.

Xatırladaq ki, Deşam Mbappeni ötən ilin oktyabr və noyabr toplanışları üçün Fransa yığmasının düşərgəsinə cəlb etməmişdi. Baş məşqçi fransalı ulduzun bərbad idman fornasında olduğunu əsas gətirmişdi. Bu, mətbuatda, Deşamla Mbappe arasında münasibətlərin pozulduğu haqda şayiələri doğurmuşdu.

Həmçinin əlavə edək ki, Didye Deşam, idman formasını bərpa etmiş Mbappeni “xoruzlar”ın mart ayındakı toplanışı üçün Fransa yığmasının düşərgəsinə cəlb edib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 36 oyuna çıxıb, 24 qol vurub, 4 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
11
13
arena.az

10Mənbələr