AZ

Mahir Emrelinin yoxluğunda “Ulm” üzərində inamlı qələbə

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” komandası bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun klubu Almaniya İkinci Bundesliqasının 22-ci turu çərçivəsində “Ulm”la qarşılaşıb.

Nürnberqlilər doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıblar – 2:0.

Emreli bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı ümumiyyətlə iştirak ərizəsinə daxil edilməyib. Son günlərdə Cənubi Koreya klublarından təklif aldığı bildirilən Mahir Emrelinin məhz bu səbəbdən “Ulm”la görüşdə iştirak etməməsi istisna deyil.

“Nürnberq” 22 oyuna topladığı 34 xalla hazırda 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 10 qələbə qazandığı halda 4 heç-heçə edib, 8 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını fevralın 21-də Berlində “Herta”ya qarşı keçirəcək.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 15 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
10
4
arena.az

10Mənbələr