İsrail Qəzza zolağına dağıntıların təmizlənməsi üçün çadırlar, mobil evlər və ağır texnikanın çatdırılmasına mane olur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə televiziyası yayıb.
Qeyd edilib ki, Fələstin ərazilərində atəşkəs razılaşmasının birinci mərhələsinin başa çatmasına cəmi iki həftə qalıb, lakin razılaşmanın bəzi müddəaları hələ də yerinə yetirilməyib. Bunlara münaqişə nəticəsində evlərini itirmiş insanlara sığınacaq vermək üçün lazım olan səyyar evlərin çatdırılması daxildir.
Telekanalın məlumatına görə, 60 min səyyar ev hələ də Qəzzaya çatdırılmayıb və İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında atəşkəs razılaşmasının şərtlərinə görə çatdırılması nəzərdə tutulan 200 min çadırın yalnız 10 faizi gəlib.
BMT-nin açıqlmasına əsasən, Qəzza zolağında binaların 69 faizi dağılıb yaxud zədələnib və 1,8 milyondan çox qəzzalı müvəqqəti sığınacağa ehtiyac duyur.