AZ

Azərbaycan gender bərabərliyi istiqamətində mühüm uğurlar qazanıb - Sevil Mikayılova BMT platformasında

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova Nyu-Yorkda keçirilən "Qadın və kişi deputatların nəsillərarası dialoqu" çərçivəsində "Qadınların siyasətdə iştirakının dəstəklənməsi" mövzusunda çıxış edib.

Trend xəbər verir ki, dialoq Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və "UN Women" təşkilatı tərəfindən Demokratiya və Seçkilərə Yardım üzrə Beynəlxalq İnstitut (International IDEA), Beynəlxalq Parlamentlərarası İttifaq və "Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər" (UCLG) təşkilatı ilə birgə həyata keçirilən Qadın Liderlərin Qlobal Təşəbbüsü (WYDE) çərçivəsində təşkil olunub.

S.Mikayılova çıxışında qeyd edib ki, qadınların ictimai həyatın hər bir sahəsində fəal iştirakını dəstəkləyən və təşviq edən fəal vətəndaş cəmiyyətinin inkişafına ehtiyac var.

"Biz qadınları lider, qərar qəbul edən və gələcəyin formalaşdırılmasında fəal iştirakçı olmağa təşviq edən sosial layihələri və təşəbbüsləri irəli sürməyə davam etməliyik. Lakin qadınların, xüsusən də siyasətdəki rollarına ictimai münasibəti dəyişmədən buna nail olmaq mümkün deyil. Parlamentlərin bu prosesdə rolu böyükdür, çünki onlar ictimai diplomatiyanın təşviqi, gender və inklüziv məsələlərə yönəlmiş siyasətin formalaşdırılmasının mərkəzinə çevrilməlidirlər. Qadınların hər sahədə səsini, təmsilçiliyini və səlahiyyətlərini təmin etməklə onların üzləşdiyi sosial problemlərin həlli yollarını tapmaq zəruridir", - o bildirib.

S.Mikayılova Azərbaycanda daha geniş, daha bərabər inkişafa şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verib. Millət vəkili xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu fəaliyyətinin nümunəsini iştirakçıların diqqətinə çatdırıb.

"Azərbaycan qadınların rolunun genişləndirilməsində mühüm irəliləyişlər əldə edib. Birinci vitse-prezident Mehriban Əliyeva müasir Azərbaycan qadınının təcəssümüdür. O, ölkəmizin müasir tarixində güclü, parlaq şəxsiyyətdir", - deyə qeyd edən S.Mikayılova əlavə edib ki, Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanda vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş onlarla proqram həyata keçirilir.

Bundan əlavə, S.Mikayılova öz çıxışında Azərbaycanın gender bərabərliyi sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayaraq, Azərbaycan parlamentində qadın deputatların geniş təmsil olunduğunu, spiker vəzifəsində çalışanın da qadın olduğunu qeyd edib.

Bütün dünyada ictimai həyatda fəal iştirak etməyə çalışan qadınların qarşısında duran vəzifələrdən danışan S.Mikayılova qeyd edib ki, ictimai fəaliyyətlə məşğul olan qadınlar, təəssüf ki, zorakılığın konkret formalarına və ya sui-istifadəyə məruz qalırlar.

"Bu cür hüquq pozuntularının qarşısını almaq üçün sosial media platformalarını tənzimləyən universal qanun və ya qanunvericiliyin hazırlanmasına ehtiyac var. Sürətlə inkişaf edən süni intellekt dövrünü nəzərə alaraq, bu problem daha təhlükəli formalar alır və bizi ciddi şəkildə düşünməyə vadar edir. Bu baxımdan, milli parlamentlər təşəbbüslər irəli sürə, həmrəylik nümayiş etdirə və beynəlxalq konvensiya hazırlaya bilərlər ki, biz, IPU olaraq, bunu dəstəkləyəcəyik", - deyə S.Mikayılova əlavə edib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Sevil Mikayılova və Milli Məclisin deputatı Soltan Məmmədov Parlament Spikerlərinin 6-cı Dünya Konfransının, Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də parlament dinləmələrində iştirak etmək üçün Nyu-Yorkda səfərdə olublar.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçının qatıldığı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçirilib, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.

Deputatların Nyu-York səfəri fevralın 16-da başa çatıb.

Milli.Az

Seçilən
44
50
milli.az

10Mənbələr