Bakı, TurkicWorld
Bu gün Tehranda Xəzəryanı ölkələrin İqtisadi Forumu öz işinə başlayıb.
Bu barədə TurkicWorld İranın 1-ci vitse-prezidentinin informasiya portalına istinadən məlumat verib.
İqtisadi Forum 7 panel çərçivəsində Xəzəryanı ölkələrdən nazirlər, nazir müavinləri və digər sahələr üzrə rəsmilər və özəl sektorların iş adamlarının iştirakı ilə keçirilir.
Forumun iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, ticarət, sənaye, kənd təsərrüfatı, gömrük, bank, investisiya, tranzit və yükdaşıma, texniki və mühəndislik xidmətləri, ətraf mühitin qorunması, turizm, neft, qaz, elektrik və bərpa oluna bilən enerjilər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və perspektivləri araşdırılır.
Təşkil olunan panellərin nəticələri sabah (18 fevral) baş nazirlərin iştirakı ilə keçiriləcək İqtisadi Foruma təqdim olunacaq. Bununla əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra yekun bəyanatın imzalanması ilə əməkdaşlığın maksimum şəkildə inkişaf etdirilməsi haqda razılaşma əldə olunacaq.
Qeyd edək ki, Xəzəryanı ölkələrin İqtisadi Forumu 17-18 fevralda İran paytaxtı Tehranda keçirilir.