Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələri inflyasiya, beynəlxalq hesablaşmaların transformasiyası, rəqəmsal aktivlər və milli valyutalardan istifadənin artması, həmçinin beynəlxalq tənzimləyici tələblərə uyğunluğun vacibliyidir.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Ər-Riyadda keçirilən "İqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün Əl-Ula" adlı konfransda bildirib.
"2022-ci ilin oktyabrında ölkədə inflyasiya 15,6 %-lə pik həddə çatıb, lakin 2024-cü ilin sonuna 4,9 %-ə qədər azalıb. Davam edən qeyri-müəyyənliyə baxmayaraq, bu il inflyasiyanın 5,5 %, gələn il isə 3,8 % səviyyəsində olacağını proqnozlaşdırırıq. Ümumilikdə, inflyasiya Mərkəzi Bankın hədəf diapazonundadır (4 % ± 2 %)", - AMB sədri qeyd edib.
O, inflyasiya təzyiqinin əsas səbəbi kimi qeyri-neft sektorunda ÜDM-in 21,8 %-ni təşkil edən ticarət kəsiri ilə şərtlənən idxal inflyasiyasını göstərib. "Son üç ildə ticarət tərəfdaşlarımızda orta illik inflyasiya 11-15,8 % arasında dəyişib. Manatın sabit məzənnə rejimi və onun nominal effektiv məzənnəsinin ildə 13 % möhkəmlənməsi sayəsində inflyasiya təzyiqini məhdudlaşdıra bilmişik", - T.Kazımov vurğulayıb.
O, ikinci mühüm amil kimi qonşu ölkələrə qarşı məhdudiyyətlər də daxil olmaqla, sanksiyaların tətbiqi ilə bağlı beynəlxalq hesablaşmalar sisteminin transformasiyasını qeyd edib. "Əvvəllər ABŞ dolları xarici ticarətimizdə dominant mövqe tuturdu və hesablaşmaların təxminən 90 %-ni təmin edirdi. Lakin indi biz beynəlxalq ödənişlərdə milli valyutalardan istifadənin artmasını, həmçinin rəqəmsal aktivlərə, o cümlədən kriptovalyutalara marağın güclənməsini müşahidə edirik", - AMB sədri bildirib.