Bakı, 17 fevral, Rabil Kətanov, AZƏRTAC
Ötən gün Almaniyanın ev sahibliyi etdiyi 61-ci Münxen Təhlükəsizlik Konfransı öz işini başa vurub. Üç gün davam edən konfransda dünyanın 60-dan çox dövlət və hökumət başçısı iştirak edib və qlobal xarakter daşıyan problemləri müzakirə edib, gələcək perspektivləri nəzərdən keçiriblər.
AZƏRTAC xəbər verir ki, konfransın analitikləri 2025-ci il üçün hazırladıqları “Çoxqütblülük” adlı hesabatda müasir dünyanın 33 əsas problemini göstərib. Bunların sırasında G7 dövlətləri üçün ən ciddi təhdidlərə kiberhücumlar, Rusiyanın təsiri, ekstremal hava şəraiti və meşə yanğınları, təbii yaşayış yerlərinin məhv edilməsi, iqlim dəyişikliyi və siyasi qütbləşmədir. Hesabatda qeyd olunub ki, G7 ölkələri İran, Çin və Rusiyanı müttəfiq kimi yox, təhdid kimi qəbul edir. Öz növbəsində, Çində ABŞ-ın onlar üçün təhlükə yaratdığına inanırlar.
Hesabat hazırlanarkən Almaniya, ABŞ, Böyük Britaniya, İtaliya, Braziliya, Fransa, Braziliya, Yaponiya, Kanada, Hindistan, Çin, Cənubi Afrika Respublikasında əhatəli sosioloji sorğular keçirilib. Bu sorğuların nəticəsində müəyyən edilib ki, Türkiyə ilə yanaşı Cənubi Koreya, Polşa və Böyük Britaniya dünyada imici ən çox yaxşılaşan dövlətlər arasında yer alıblar. Hesabat müəllifləri vurğulayıblar ki, son 10 ildə Türkiyənin beynəlxalq təsiri artıb və bununla yanaşı ona baxış müsbət istiqamətdə dəyişib.
Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysenq bəyan edib ki, tədbirdə ABŞ Konqresindən və Senatından çoxsaylı nümayəndələr qatılıblar. Lakin Prezident Donald Tramp qlobal xarakter daşıyan bu beynəlxalq tədbirdə iştirak etməyib. Münhen Təhlükəsizlik Konfransı qeyri-rəsmi xarakter daşıyır və burada heç bir qərar qəbul edilmir. Sadəcə olaraq qlobal problemlər müzakirə mövzusu olur və çıxış yolları axtarılır. ABŞ Prezidenti isə real siyasətə daha çox üstünlük verən dövlət xadimi olduğu üçün bu tədbirə qatılmaq istəməyib. Tədbirdə ABŞ Prezidenti Donald Tramp iştirak etməsə də Amerikanı dövlət katibi Marko Rubio və vitse-prezident Cey di Vens təmsil edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması barədə D.Trampın planını təqdim ediblər.
“Çoxqütblülük” hesabatının analitikləri hesab edirlər ki, D.Trampın konfransa qatılmaması onun Avroatlantik İttifaqının dəyərlərinə bəslədiyi mənfi münasibətin göstəricisidir. ABŞ Prezidentinin qərarları dünya dövlətləri tərəfindən heç də birmənalı qəbul edilmir. Avropanın təhlükəsizlik məsələsinə biganə yanaşan rəsmi Vaşinqtonun yeni administrasiyası buna görə pul tələb edir ki, bu da müttəfiqlik anlaşmasına sığmır. ABŞ-ın dünyada super güc olması heç kimə sirr deyil. Lakin bu gücün dünya nizamını qorumaq missiyasını öz üzərindən atması və yalnız “Hər şey Amerika üçün” devizini irəli sürməsi daha radikal qütbləşməyə səbəb ola bilər.
Avropa mətbuatı yazır ki, ABŞ-ın yeni administrasiyasının belə addımları kollektiv Qərbin sabitliyini pozaraq qeyri-müəyyən siyasi vəziyyət yaradacaq. “Swissinfo” ABŞ-ın respublikaçı senatoru Piter Rikettsin “Bizim üçün Meksika ilə sərhəddən qeyri-qanunu miqrasiyanın qarşısını almaq məsələsi Ukraynanı dəstəkləməkdən daha çox əhəmiyyətlidir” - fkirini dərc edərək yazır ki, belə yanaşma Avropanın təhlükəsizliyinin təmin olunmayacağına işarədir. ABŞ-ın yeni prezidentinin qeyri adekvat addımlar atması da səbəbsiz deyil. Avropa siyasi elitasının mütəmadi olaraq ikili standartlardan çıxış edərək yalnız korporativ maraqlara xidmət etməsi qitənin siyasi nüfuzuna böyük zərbə vurub. Məlum olub ki, Fransa və Almaniya kimi dövlətlər ABŞ-ı qərb dəyərlərini müdafiə etməməkdə ittiham etdikləri halda özləri demokratiya anlayışından yalnız bu və ya digər dövlətin daxili işlərinə müdaxilə etmək üçün istifadə ediblər. Qərbin bəzi güc mərkəzlərinin Qarabağı işğaldan azad edəndən sonra Azərbaycana qarşı münasibətləri buna bariz nümunədir.
Uzun illər boyu Azərbaycan ərazisi işğal altına qaldı və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum edildi. Qarabağda evlər, infrastruktur, tarixi abidələr, məzarlıqlar dağıdıldı, insanlar olmazın zülmünə məruz qaldılar, Xocalı faciəsi ermənilər tərəfindən törədildi. Bütün bunlara Qərb biganə qalaraq deklorativ xarakter daşıyan bəyanatlarla kifayətləndilər. Lakin Azərbaycan iqtisadi islahatlarla, dünya siyasətinə və iqtisadiyyatına inteqrasiya yolunu tutaraq, inkişaf edərək torpaqlarını azad etdiyi vaxt Qərbin yadına “demokratiya” və “insan hüquqları” düşdü. Məhz bu kimi destruktiv siyasətin nəticəsidir ki, bu gün ABŞ-ın yeni prezidenti Avropanın təhlükəsizliyini təmin edilməsinin əvəzini istəyir.
SSRİ dağıldıqdan, “Soyuq müharibə” başa çatdıqdan sonra ABŞ-ın liderliyi ilə bir qütblü dünya nizamı formalaşdı. Lakin D. Trampın ötən il prezident seçildikdən sonra həyata keçirdiyi siyasət dünyada yeni nizamın formalaşması prosesinin sürətlə irəlilədiyini göstərir. ABŞ tarixi missiyasında imtina edərsə beynəlxalq münasibətlər sistemində hansı dəyişikliklərin olacağını yaxın illərdə müşahidə edəcəyik. Lakin Şərqdə bu gün Çin kimi yeni güc mərkəzinin formalaşması yeni perspektivlər vəd edir. Yaxın gələcəkdə dünyanın iki böyük güc mərkəzi-ABŞ və Çin arasında güclü rəqabətin müşahidə ediləcəyi gözlənilir.
Qeyd edək ki Almaniyanın Bavariya federal torpağının inzibati mərkəzi olan Münhen şəhərində keçirilən konfransı əsası ilk dəfə 1963-cü ildə elə bu şəhərdə yaradılıb. Sovet İttifaqı dağıldıqdan sonra Rusiya ilə yanaşı keçmiş SSRİ respublikaları da müstəqil dövlətlər kimi bu beynəlxalq əhəmiyyətli tədbirdə təmsil olunmağa başladılar.