Bir neçə gün öncə baş tutan Münxen Təhlükəsizlik Konfransında NATO-nun Baş katibi Mark Rutte bildirib ki, Avropa və ABŞ arasında Ukrayna nizamlanması ilə bağlı hər hansı əsaslı fikir ayrılığı görmür.
“Amerikalılar razıdırlar ki, davamlı sülh təmin edilməlidir. Ona görə də gəlin şikayət etməyək, bizi danışıqlara dəvət etmədiyinə görə təəssüf etməyək. Gəlin, konkret ideyalar təklif edək, müdafiə xərclərini artıraq, Ukrayna üçün hərbi təlim keçək”, – o qeyd edib.
Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, Donald Tramp hakimiyyətə gələndən sonra ABŞ-la Avropa İttifaqı arasında ciddi fikir ayrılıqları müşahidə olunur:
“Bunun bir neçə səbəbi var. Birincisi, Rusiya-Ukrayna müharibəsi ilə bağlı tərəflərin maraq və mövqelərinin fərqli olmasıdır. İkincisi, ABŞ-nin Kanadaya, Qrenlandiyaya torpaq iddialarıdır. Üçüncüsü, ABŞ-ın Avropa İttifaqına tətbiq etdiyi gömrük rüsumlarıdır. Bu məsələlər tərəflər arasında ziddiyyət yaradır və kollektiv Qərb fenomeninin özünü sual altında qoyur. Əsas məsələlərdən biri NATO baş katibinin dediyi kimi Rusiya-Ukrayna müharibəsidir. ABŞ müharibənin bitməsində maraqlı görünür. Bu gün atılan addımlar da göstərir ki, Tramp vəd etdiyi kimi müharibənin başa çatmasında maraqlıdır. Tramp bu və ya digər formada Ukraynaya, Rusiyaya təzyiqlə müharibəni sonlandırmaq istəyir”.
K. Novruzov hesab edir ki, Ukrayna şərtlərin nə olmasından aslı olmayaraq bu müharibədən məğlub vəziyyətdə çıxacaq:
“İstənilən halda ərazi güzəştinə getməli olacaq. Sadəcə sual budur ki, Tramp Ukraynanı nə qədər ərazi güzəştinə getməyə məcbur edəcək? Ya Rusiya bu müharibədən qalib, ya da qismən məğlub formada ayrılacaq. Ancaq bütün hallarda əgər müharibə Ukraynanın ərazi güzəştinə getməsi ilə nəticələnsə, onda Rusiya toparlana biləcək. Əgər müharibə indiki status-kvo ilə dondurulsa belə yenə də Rusiya qalib çıxmış olacaq. Çünki Ukrayna torpaqlarının xeyli hissəsi Rusiyada qalacaq. Rusiya isə gücünü bərpa etdikdən sonra ABŞ-a yox, Aİ-na üzv dövlətlərdən ona qonşu olanlara təhlükə yaradacaq. Görünən odur ki, Aİ-nı da narahat edən məqam budur. Ona görə də onlar Rusiyanın tam, bəlkə də daha çox zəifləməsində maraqlıdırlar. Bu məsələ Aİ ilə ABŞ arasında fikir ayrılıqlarına səbəb olur. Ancaq NATO-nu da narahat edən məsələlər var. ABŞ-la Aİ arasında davam edən fikir ayrılıqları NATO daxilində də ziddiyyətə, parçalanmaya səbəb olur. Çünki ABŞ da NATO üzvüdür. Son nəticədə NATO-nun özü getdikcə zəifləyə bilər. Bu da baş katibi narahat edir. ABŞ da NATO-dan çıxa bilər. Belə olduqda NATO Aİ-na çağırış edir ki, ABŞ-ın çox da burnunun dikinə getmək olmaz. Əks halda ABŞ-ın cavab tədbirləri nəticəsində NATO zəifləyə bilər, ona təhdidlər arta bilər. Ancaq hələ ki, ABŞ-la Aİ arasında ziddiyyətlər artmaqda davam edəcək”.
//Gülnarə Abasova, Editor.az