AZ

Afət Telmanqızı qarət edildi - FOTO

Əməkdar jurnalist Afət Telmanqızına qarşı dələduzluq edilib.

News365.az xəbər verir ki, bu iddia ilə jurnalist sosial şəbəkələrdə çıxış edib.

O bildirib ki, Şəmkir rayon sakini, özünü şəhid qızı kimi təqdim edən 1980-ci il təvəllüdlü C.A onu aldadıb.

Jurnalistin sözlərinə görə, əvvəllər də məhkum olunmuş bu şəxs Bakıda dələduzluq, oğurluq, saxta sənədlər düzəltməklə, insanlara zərər vurmaqda davam edir:

"Artıq bir neçə fakt da təsdiqini tapıb. Bu qadın yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə mənzilə yerləşir və heç bir kirayə haqqı ödəmədən 10-15 gün mənzildə yaşayır, "kirayə haqqını ödəyəcəyəm" deməklə yalan vədlər verərək, vaxt uzadır ən sonunda kirayə qaldığı evləri qarət edib qaçır. Bu işi də tək görmür. Oğlu və bir tanşı ilə birgə silsilə oğurluqlar edir. Təəssüf ki, onun növbəti qurbanlarından biri də mənəm".

A.Telmanqızı evinin qarət edilməsinə dair əlində görüntülər olduğunu söyləyib:

"Mən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatımdan və ailəliklə Xankəndi şəhərinə köçəndən sonra mənzilimin kirayə elanını vermişəm. Bu dələduz qadın da birbaşa vasitəçi olmadan özü zəng edib bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə  bu ilin yanvar ayının 15-i kirayənişin kimi yerləşib. Hər dəfə zəng edib, votsap üzərindən səs göndərərək, pulu verəcəyini deyib.

Nəhayət pul ödəmədən, evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində evi tərk edib. Əlimizdə video görüntülər var. Evdən nə qədər əşya (kompüter, planşet, telefon və s.) çıxardığının görüntüləri də polisə təqdim olunub. Soyğunçuluq edərkən istifadə etdiyi maska papaq və digər sübutlar da mənzilimdən tapılaraq, polisə təqdim olunub. Digər 2 evdən etdiyi oğurluqların da sübutunu əks etdirən səs yazıları, faktlar var. Narkotestin cavabı da ortadadır. 4 sutkalıq həbslə canını qurtarıb. Bu qadın hazırda azadlıqdadır. Hazırda səs yazısı göndərib mənə hədə-qorxu gəlir. Yalandan özünü şəhid qızı kimi təqdim edir. Şəhid qızı oğurluq, dələduzluq edirmi? Saxta qəbz göndərirmi? Bütün sübutlar olduğu halda qadın həbs olunmur. Digərləri üçün də təhlükə yaradır. Gələcəkdə digər qurbanların olmaması üçün, bu qadın təcili həbs edilməlidir!"

Qeyd edək ki, A.Telmanqızı sözügedən şəxsin adını və görüntüsünü paylaşsa da, təqsirsizlik prezumpsiyasını nəzərə alaraq sizinlə bölüşmürük.


Seçilən
53
15
news365.az

10Mənbələr