Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilaninin başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Bakıya səfər edəcək.
Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.
"Nümayəndə heyəti Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcək", - mənbə bildirib.
Qeyd edək ki, fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək.
"Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləri arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. Görüşlərdə APA-nın bugünü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaqdır.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcəkdir.