Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi işinə başlayıb.
KONKRET.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Sərgidə Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə Azərbaycanın istehsal etdiyi atıcı silahlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, optik nişangah və cihazlar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 100-ə yaxın müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Səfər çərçivəsində nazir V.Mustafayev bir neçə ölkənin dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək. Eyni zamanda, MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə xarici şirkətlər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üzrə sənədlərin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisində 132 mindən çox ziyarətçinin iştirakı gözlənilir. Tədbir fevralın 21-dək davam edəcək.
Bu gün Əbu-Dabidə 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEX) və 8-ci Beynəlxalq Dəniz Müdafiə Sənayesi Sərgisi (NAVDEX) və konfransları öz işinə başlayıb.
KONKRET.az xəbər verir ki, sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybət ilə görüşüb. M.Heybət həmçinin Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanov ilə də görüş keçirib.
Qeyd edək ki, tədbirlərdə dünyanın böyük müdafiə sənayesi şirkətlərinin təmsilçiləri, tanınmış mütəxəssislər iştirak edir.
Tədbirlər çərçivəsində kibertəhlükəsizlik, kosmosda təhlükəsizlik, müdafiə hazırlığı və s. mövzular müzakirə ediləcək, müdafiədə çevikliyin artırılması, qlobal çağırışlara aktiv cavab verilməsi üçün yeni həllər təqdim olunacaq. Həmçinin yüksək texnologiyaların və beynəlxalq əməkdaşlığın müasir müdafiə sisteminin yenidən qurulmasında rolu müzakirə predmeti olacaq.
IDEX və NAVDEX sərgilərində 65 dövlətdən 1565 şirkət öz məhsulunu nümayiş etdirir. Bu il sərgidə 730-dan çox yeni şirkət iştirak edir.
“IDEX” və “NAVDEX” sərgilərində müdafiə sənayesinə aid 3300-dən çox texnika və məhsul təqdim ediləcək.//“Report”