Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib....
Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə olub. O, ötən əsrdə Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı bir neçə dəfə soyqırımı və deportasiya törədildiyini diqqətə çatdırıb. Bildirib ki, Qərbi Azərbaycanın bütün ərazilərini əhatə edən kütləvi qırğınlar zamanı ermənilər hətta uşaqlara, hamilə qadınlara da aman verməyib, onları qəddarlıqla qətlə yetiriblər.
Millət vəkili vurğulayıb ki, bütün bu dövrlərdə soydaşlarımızın üz tutduğu, pənah gətirdiyi regionlardan biri də Naxçıvan olub. Onun sözlərinə görə, sovet hakimiyyətinin son illərində Qorbaçov hakimiyyətinə arxalanan ermənilər sadəcə Qərbi Azərbaycanda deyil, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları sıxışdırıblar. Bu çərçivədə Qərbi Azərbaycandakı soydaşlarımız daha böyük ədalətsizliklərlə üz-üzə qalıblar.
Deputat V.Rəhimzadə qeyd edib ki, 1988-1991-ci illərin deportasiyasında Naxçıvan camaatı, o cümlədən ümummilli lider Heydər Əliyev Qərbi azərbaycanlı qaçqınlara gücü çatan səviyyədə dəstək olmağa çalışıb. Naxçıvanın özü ağır blokada şəraitində olsa da, muxtar respublika sakinləri azərbaycanlı bacı-qardaşlarına doğmalıq göstərib, öz evindən zorla qovulan, psixoloji sarsıntı keçirən soydaşlarımızın burada məskunlaşmasına köməklik ediblər. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra sadəcə Qərbi azərbaycanlıların deyil, ümumilikdə qaçqın və məcburi köçkünlərin probleminə həssas yanaşılıb.
Millət vəkili V.Rəhimzadə Ordubad və Culfa rayonunda vaxtilə məskunlaşan Qərbi azərbaycanlılarla görüşündən də söhbət açıb. Deyib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşmasından sonra regionda yeni reallıq yaranıb. İşğaldan azad olunan ərazilərdə sürətli bərpa-quruculuq prosesinin başladılması, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması Qərbi Azərbaycandan vaxtilə deportasiya olunan soydaşlarımızda yeni ümid yaradıb. İndi onlar inanırlar ki, gün gələcək, tarixi torpaqlarına qayıda biləcək, ata-babalarının məzarlarını ziyarət edəcəklər. Deputatın fikrincə, hazırda hər bir azərbaycanlının ən böyük hədəfi tarixi torpaqlarımıza qayıtmaqdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Poliqon.info