"Xızı-Abşeron" külək elektrik stansiyasının (KES) istismara veriləcəyi tarix açıqlanıb.
Day.Az xəbər verir ki, bu barədə Xızı-Abşeron 240 MVt-lıq Külək Elektrik Stansiyasına təşkil edilən mediatur zamanı məlumat verilib.
Bildirilib ki, "Xızı-Abşeron" külək elektrik stansiyasında (KES) hazırda hər birinin gücü 6.5 MVt olan 4 turbin quraşdırılıb.
Vurğulanıb ki, 2025-ci il ərzində bütün turbinlərin quraşdırılması və stansiyanın istismara verilməsi gözlənilir.
Ümumilikdə, stansiya ölkənin ümumi enerji balansında "yaşıl enerji"nin payını əhəmiyyətli dərəcədə yüksəldəcək. Belə ki, ilkin hesablamalara görə, stansiyada illik 1 milyard kilovatt-saata yaxın elektrik enerjisi istehsal olunacaq. Bu da 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi investisiya dəyəri təqribən 340 milyon ABŞ dolları təşkil edir.