
Avropa İttifaqı (Aİ) liderləri ilə fövqəladə sammitdən sonra Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb, bunun ardınca Ukraynada atəşkəslə bağlı mühüm xəbərdarlıq edib.
Reyting.az-ın məlumatına görə, Makron vurğulayıb ki, Ukraynada güclü və davamlı sülh yalnız Rusiyanın təcavüzünə son qoyulduqda və ukraynalılar üçün “güclü və etibarlı” təhlükəsizlik təminatları verildikdə mümkündür. “Əks halda, bu atəşkəsin Minsk razılaşmaları kimi başa çatması riski var”, - o vurğulayıb.
Makron qeyd edib ki, təhlükəsizlik zəmanətlərini təmin etmək üçün avropalılar, amerikalılar və ukraynalıların birgə işi lazımdır.
O, əlavə edib ki, avropalılar öz təhlükəsizliklərinə və müdafiələrinə daha çox sərmayə qoymalıdırlar. “Bu məqsədlə avropalılar suverenlik, təhlükəsizlik və rəqabət qabiliyyətini təmin etmək üçün öz proqramlarının həyata keçirilməsini sürətləndirmək istəyirlər. İş həm Ukraynaya dəstək, həm də müdafiəmizin inkişafı və sərmayə qoyuluşu ilə bağlı Avropa Komissiyasının təklifləri əsasında davam etdiriləcək”, - deyə Makron bildirib.
Qeyd edək ki, Avropa liderlərinin Paris görüşündə Almaniya kansleri Olaf Şolts, Böyük Britaniyanın baş naziri Key Starmer, Polşanın baş naziri Donald Tusk, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte iştirak ediblər.
Görüşdən sonra Mark Rutte bildirib ki, Avropa ölkələri təkcə öz təhlükəsizliyini gücləndirməyə deyil, həm də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə rəhbərlik etməyə hazırdır.
Eyni zamanda, Qərb mətbuatının yazdığına görə, sammit zamanı liderlər Ukraynaya sülhməramlı qoşunların göndərilməsi məsələsində razılığa gələ bilməyiblər.
ELÇİN