Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə fevralın 19-20-də Manama şəhərində “Bir ümmət, bir tale” şüarı altında keçiriləcək İslam-İslam Dialoqu Konfransında iştirak edəcək.
QMİ-nin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Əl-Əzhərin Böyük İmamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyibin İslam-İslam (İslamdaxili) dialoqu təşəbbüsü əsasında Əl-Əzhər Əl-Şərif, İslam Məsələləri üzrə Ali Şura (Bəhreyn) və Müsəlman Ağsaqqalları Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq konfransda dünyanın tanınmış üləmaları, mərceyi-təqlidləri, mütəfəkkirləri və İslam dininin görkəmli xadimləri iştirak edəcəklər.
Müsəlman dünyası və bütövlükdə bəşəriyyətin gələcəyi naminə təmin qarşılıqlı anlaşma mühitində dialoq məramı ilə keçirilən konfransda Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edəcək. Səfər çərçivəsində QMİ sədrinin Bəhreyn Krallığının rəsmiləri ilə görüşləri və digər ikitərəfli ünsiyyətləri nəzərdə tutulur.