“Biz medallarla bağlı öz müraciətimizi etmişik. Hazırda bu məsələdə, necə deyərlər, top Fransa Təşkilat Komitəsindədir”.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı medalların yararsız hala düşməsi və mümkün dəyişdirilməsi barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Təşkilat Komitəsi medalları hazırlayan şirkətlə danışıqlar aparır: “Medalların hansı şəkildə dəyişdiriləcəyi müəyyənləşir. Yəqin ki, bizə məlumat veriləcək və medallar yenilənəcək”.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.
İdman.biz