AZ

Tramp Zelenskini nəyə məcbur edir?

Kiyevsiz Moskva ilə danışıqlara başlamaq razılığı əldə edən Vaşinqtonun Ukraynanın təbii sərvətlərini nəzarətə götürmək istiqamətində atdığı addımlar sensasiya xarakteri daşıyır. Qeyri-rəsmi məlumatlara görə, ABŞ-ın Ukraynanın təbii sərvətlərinə çıxış əldə etməsi ilə bağlı təqdim olunan saziş “hər şeyi ələ keçirmək” yönündədir.

Publika.az xəbər verir ki, Ukrayna mediası bu sazişin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə edildiyi və Kiyevə ciddi təzyiqlərin olduğunu yazır.

“Avropa həqiqəti” nəşri yazır ki, amerikalılar sivil beynəlxalq münasibətlərə zidd olaraq, Ukraynadan yeraltı sərvətlərin bölüşdürülməsinə dair sazişi nəzərdən keçirmədən, dərhal imzalamağı tələb edib. Bu saziş əvvəldən Ukrayna üçün məqbul deyildi, üstəlik sənəd üzərində işləyərkən, qabuledilməz elementlər çoxaldı, buna paralel olaraq ABŞ tərəfinin təzyiqləri artdı.

Vaşinqtonda düşünürdülər ki, təhlükəsizlik problemləri və sülh danışıqları Kiyevi istənilən şərtlərə razı salmağa məcbur edəcək. Lakin Ukrayna dirəniş göstərdi. Bundan sonra gözlənilməz hadisə baş verdi. “Maksimum təzyiq rejimi” bir anda söndürüldü və heç nə olmamış kimi dialoq davam etdi. Üstəlik, ABŞ-dan Rusiya ilə danışıqlara dair siqnallar kifayət qədər müsbət oldu.

Nə baş verdi?

ABŞ yeraltı sərvətlərin bölüşdürülməsinə dair strateji sənədi Ukraynaya təqdim ediləndən iki gün sonra Zelenskidən imzalamasını istədi. Sazişin layihə olduğunu deyən Zelenski isə bəyan etdi ki, əlavə təkliflər verməyi planlaşdırır. Cümə günü səhər Münhenin mərkəzində - ABŞ-ın vitse-prezidenti Cey Di Vensin müvəqqəti iqamətgahı kimi xidmət edən binada Zelenski və Ukrayna nümayəndə heyəti ilə danışıqlar planlaşdırılırdı. Görüş üçün hər şey hazır idi. Vens gəldi, Ukrayna rəsmiləri toplandılar, hətta ukraynalı jurnalistləri də içəri buraxdılar, lakin qəfil hər kəsə görüşün qeyri-müəyyən müddətə təxirə salındığı bildirildi. Zelenskiyə izah edildi ki, ABŞ-a sənəd üzərində işləmək üçün vaxt lazımdır.

Jurnalistlər nə baş verdiyini, gecikmənin səbəblərini anlamağa çalışanda Ukrayna ilə ABŞ arasında əsl dram yaşanırdı.

Nəşr həm Ukrayna, həm ABŞ mənbələrindən detalları öyrənməyə çalışdı.

Ukrayna ABŞ-ın “sənədin Münhendə imzalanmasını gözləyirik” açıqlaması məcazi mənada “bunu mümkün qədər tez imzalamaq istəyirik” kimi qəbul etdi. Lakin Münhendə amerikalıların ciddi olduğu ortaya çıxdı və Ukraynanın qarşısına şərt qoyuldu: əgər Venslə görüşmək və sülh danışıqlarının konturları barədə müzakirələr aparmaq istəyirsinizsə, sazişi elə indi imzalayın. Bildirildi ki, Zelenski-Vens görüşü hələlik ləğv edilmir, axşama qədər təxirə salınır. İstənilən dəyişikliklə razılaşmaq üçün yeddi saat müddət var, amma bundan artıq gecikmək olmaz.

Mənbələrdən birinin dediyinə görə, Ukrayna kompromisin tapılması niyyəti ilə sazişin yenidən işlənmiş variantını amerikalılara təhvil verdi. Bundan sonra amerikalılar bütün əsas düzəlişləri ləğv edərək Ukraynaya şərt qoydular: ya verdiyimizə imza atın, ya da heç nə.

Və Venslə görüş olmayacaq, çünki görüş ancaq imza ilə mümkündür. Lakin Zelenski ABŞ-ın təkid etdiyi sənədi imzalamaqdan imtina etdi. Bundan sonra amerikalıların mövqeyi yumşaldı və daha konstruktiv oldu. Venslə danışıqlar sazişi imzalamadan baş tutdu və mənfi nəticə qeydə alınmadı.

Sazişdə nələr əks olunur?

Nəşr sənədin müəyyən detallarını öyrənə bilib. Məlumatlara görə, ABŞ-ın təqdim etdiyi sazişdə Ukraynanın təbii sərvətlərindən əldə olunan gəlirlər 50/50 prinsipi əsasında bölüşdürülür. Bu məqsədlə müəyyən fond yaradılır, daha sonra amerikalı istehsalçılar Ukraynaya gələrək, mədənlərdə işləməyə və satışının həyata keçirilməsinə start verilir. ABŞ-ın Ukraynanın təbii sərvətlərinə nəzarət etmək planları daha genişdir və digər strateji metalların, misal üçün litium, eləcə də ənənəvi resursların – neft və qaz hasilatının da bölüşdürülməsi bura daxildir.

Seçilən
45
19
publika.az

10Mənbələr