Dünya futbolunun braziliyalı əfsanəsi Ronaldinyo “İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi haqda danışıb.
Arena.az “Give me Sport” dərgisinə istinadən məlumat verir ki, “Roni” Messini ancaq öz dövrünün ən yaxşı futbolçusu hesab etdiyini bildirib:
“Dieqo Maradona, Pele, Ronaldo var. Ona görə də mən, Messinin bütün futbol tarixinin ən yaxşı futbolçusu olduğunu deməyə çətinlik çəkirəm. Mən ancaq onu deyə bilərəm ki, “Leo” öz dövrünün ən yaxşı futbolçusudur”, deyə “Roni” vurğulayıb.
Xatırladaq ki, Ronaldinyo və Messi 2000-ci illərin əvvələrində (2003-2008) “Barselona”da birlikdə çıxış ediblər. Məhz əfsanəvi Ronaldinyo Messinin “Barselona”da ilk addımlarını dəstəkləmiş, “Leo”ya “blauqrana”da “xaç atası” timsalında dəstək göstərmişdi. “Roni” “Leo”nu həm meydanda və həm də meydandan kənarda diqqətdə saxlayıb dəstək olmuş, argentinalı futbolçuya peşəkarlıq və ustalıq nümunələri göstərmişdi. Ronaldinyonun fantastik oyunu mənzərəsində “Leo” öz oyun bacaraığını tədricən açmış və yetkin futbolçuya çevrilməyə başlamışdı.
Ronaldinyo Messinin istedadına həmişə valeh olduğunu bildirib, öz növbəsində “Leo” braziliyalı əfsanənin onun üçün vacib nümunə olduğunu vurğulayıb. Futbolçular arasında isti münasibət bu gün də davam edir.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. Bu mövsümdə isə Messi “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.