İddialara görə, "Apple" yaxın günlərdə təqdim edəcəyi yeni "iPhone SE" modelini "4" deyil, "iPhone 16E" adlandıracaq.
Demokratikmusavat.com Valyuta.az-a istinadən xəbər verir ki, yeni "iPhone SE" bu həftə tanıdılacaq və cihazın adının gözlənildiyi kimi "iPhone SE 4" olmayacağı bildirilir.
"Bloomberg" jurnalistlərindən Mark Qurman "Apple"ın "bödcə dostu" "iPhone" modelini "iPhone 16" seriyasına daxil edəcəyini və SE adlandırma ənənəsinin sona çatacağını iddia edir.
Bu barədə ilk məlumatlar 2024-cü ilin dekabrında yayılmış və telefonun "iPhone 16E" adını daşıyacağı bildirilmişdi.
"Apple"ın baş icraçı direktoru Tim Kuk 19 fevralda X platformasında etdiyi paylaşımda "ailənin ən yeni üzvü ilə tanış olmağa hazır olun" ifadəsini işlədib. Bu sözlər də "iPhone SE"nin ad dəyişərək, "iPhone 16" seriyasının "uyğun qiymətli" modeli kimi təqdim ediləcəyi ehtimalını gücləndirir.
Məlumata görə, bu cihaz "iPhone 16" və "iPhone 16 Plus" modellərində yer alan A18 prosessoru ilə təchiz ediləcək. Bundan əlavə, 6,1 düymlük ekran, "Apple Intelligence" süni intellekt xüsusiyyətləri, yeni prosessor və "Apple"ın öz istehsalı olan modemindən istifadə edən ilk "iPhone" olması kimi dəyişikliklər nəzərə alındıqda, ad dəyişikliyi məntiqli görünür.
Bu iddiaların nə dərəcədə doğru olduğunu təsdiqləmək üçün yalnız bir gün gözləmək kifayətdir. Çərşənbə günü "Apple" rəsmi açıqlama verdikdə, bütün detallar bəlli olacaq.