Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin parlamentlərinin xarici əlaqələr komitələrinin sədrlərinin görüşü keçirilib.
Bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuat Oktay tədbirdə çıxış edərək bildirib ki, bu gün beynəlxalq ictimaiyyət TDT-nin atdığı addımları və ölkələr arasındakı əməkdaşlığı diqqətlə izləyir.
O, bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin olunması çox vacibdir.
F.Oktay eyni zamanda Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyət barədə də fikirlərini bölüşüb.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Toplantının yekununda tərəflər gələcək fəaliyyətlərə dair ortaq bəyanat imzalayıblar.