Bu ildən Azərbaycanda rus məktəblərinin fəaliyyəti dayandırılmalıdır.
Modern.az xəbər verir ki, bunu deputat Elşad Musayev "MediaTürk Tv"nin efirində yayımlanan Gündəm masada verilişində qonaq olarkən deyib.
Elşad Musayev bildirib ki, bununla bağlı Elm və Təhsil Nazirliyi ölçü götürməlidir.
“Bizim nəyə görə başqa dövlətin dilində məktəbimiz olmalıdır? Bizim strateji xəttimiz Türk dünyası ilə bağlıdır. Ona görə də buna uyğun addım atmalıyıq. Təhsil siyasətimizi də bu xəttə uyğunlaşdırmalıyıq. Nəyə görə biz rus düşüncəli yeni nəsil yetişdirməliyik? Azərbaycanda rus təəbəliyində yaşamaq istəyənlərin sayı milli qüvvələrdən qat-qat çoxdur və bu insanlar nümayişkəranə şəkiıdə açıq-aşkar rusca danışırlar. Bu Azərbaycan xalqına meydan oxumaq deməkdir. Belə insanlarla milli qüvvələr olaraq cavab verməliyik".
Deputat rus məktəblərini Türk dünyası strategiyasına böyük zərbə adlandırıb:
“Əgər ölkədə rus məktəbləri qalacaqsa, Azərbaycana təhdid davam edəcək. Övladlarımız çoxlu dil bilməlidirlər, lakin rusdilli təhsil alan şagirdlərlə ölkəmiz üçün təhlükə yaradan nəsil yaratmağa yol verməməliyik. Bu uşaqları kim üçün yetişdiririk? Rusiya istəyir ki, Azərbaycan qapazaltı dövlət olsun, inkişaf eləməsin. Biz ona görə də bunlara yerini, həddini bildirməliyik. Azərbaycanı sevən kim varsa, bu məsələdə konkret mövqeyini bildirməlidir”.