İsveçrədə sürücü ara məsafəni pozduğuna görə 110 min dollar məbləğində cərimə olunub.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, bu ölkədə cərimənin məbləği təqsirkarın gəlir səviyyəsindən asılıdır.
Polis yol kameralarının görüntüləri ilə qaydanı pozan şəxsi müəyyən edib. Sürücü cəzadan məhkəmə yolu ilə şikayət etsə də, uğur qazana bilməyib. İndi o, 110 min dollar cərimə ilə yanaşı, 14.5 min dollar məhkəmə xərclərini də ödəməlidir.
Lakin əgər iki il ərzində qaydanı pozanın yol hərəkəti davranışı mükəmməl olarsa, o bu cərimədən azad edilə bilər.
İsveçrə belə yanaşmanın tətbiq olunduğu yeganə ölkə deyil. 2023-cü ildə Finlandiyanın ən varlı insanlarından biri Anders Viklof sürət həddini aşdığına görə 121 min avro cərimə olunmuşdu. O, icazə verilən 50 km/saat sürətlə getməli olduğu yerdə 82 km/saat sürətlə hərəkət etmişdi.(oxu.az)