Fevralın 19-da Rusiya prezidenti Vladimir Putin iş vaxtının bir hissəsini ölkədə pilotsuz aviasiyanın inkişafına həsr edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu gün Putin pilotsuz təyyarələr mövzusu ilə məşğul olacaq. Bu, prezidentin ardıcıl olaraq diqqət yetirdiyi ciddi məsələdir”, - Kremlin sözçüsü bildirib.
Peskov həmçinin deyib ki, Putinin Ağ Ev rəhbəri Donald Trampla görüşü fevralın sonuna qədər baş tuta bilər. Onun sözlərinə görə, bunlar yekun tarixlər deyil və iki prezident arasında danışıqlar daha sonra baş tuta bilər. Peskov belə bir görüşə hazırlığın vaxt aparacağını vurğulayıb.
Bir gün əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar baş tutub. 4,5 saat davam edən görüşdə Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili ilə bağlı müzakirələr aparılıb.
ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna üzrə danışıqlar qruplarının yaradılması barədə razılığa gəliblər. Eyni zamanda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Putinlə Trampın görüşü barədə danışmaq hələ tezdir.
Nigar