Ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsindən vəsait alan 100 təşkilatda nəzarət tədbirləri həyata keçirib.
Hurriyyyet.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar aparılan nəzarət tədbirləri təşkil edib: “Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 57 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 13.331,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.
Xidmət 2024-cü ildə 38 təşkilatda yoxlamalar aparıb ki, bu yoxlamalarla aşkar olunmuş 6.360,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 5.146,6 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməklə, habelə iş və xidmətlərin yerinə yetirilməsi yolu ilə bərpası təmin edilib, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunmuş 1.213,5 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib.
Bundan başqa, Xidmət tərəfindən vətəndaş müraciətlərinə əsasən 5 təşkilatda müraciətlərdə göstərilən hallar üzrə yoxlamalar aparılıb və nəticədə cəmi 4,5 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub. Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün nəticələr üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğuna göndərilib".
Xidmət yoxlamalar zamanı 45 nəfər vəzifəli şəxsə 40,6 min manat məbləğində cərimələr tətbiq edib və həmin cərimələr dövlət büdcəsinə ödənilib.