Finss.az - 2024-cü ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 100 təşkilatda əhatəli nəzarət tədbirləri həyata keçirilib.
Bu tədbirlər, həmçinin hüquq-mühafizə orqanları və Baş Prokurorluğun məktubları əsasında həyata keçirilən yoxlamaları əhatə edib.
Xidmətin fəaliyyətinin əsas hissəsini, prokurorluq və hüquq-mühafizə orqanlarının göndərdiyi məktublar və qərarların icrası təşkil edib. Nəticədə, 57 təşkilatda aparılan yoxlamalarla 13.331,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Bu nöqsanlarla bağlı yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilib.
Xidmətin iş planına əsasən, 2024-cü ildə 38 təşkilatda daha əlavə yoxlamalar aparılıb. Aşkar olunmuş 6.360,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 5.146,6 min manatı təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilib və ya iş və xidmətlərin yerinə yetirilməsi yolu ilə bərpa edilib. Eyni zamanda, 2 təşkilatda 1.213,5 min manat məbləğində nöqsanların aşkar edilməsindən sonra, müvafiq hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Dövlət Maliyyə Nəzarəti Xidməti, vətəndaş müraciətlərinə əsaslanaraq 5 təşkilatda yoxlamalar aparıb. Bu yoxlamalarla 4,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Yoxlamalar nəticəsində aşkar edilən nöqsanlar da hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Yoxlamalar zamanı nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən, 45 nəfər vəzifəli şəxsə 40,6 min manat məbləğində cərimələr tətbiq edilib və həmin məbləğlər dövlət büdcəsinə ödənilib.
Nəzarət tədbirləri nəticəsində aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara və yerli icra hakimiyyətlərinə məktublar göndərilib və nöqsanların gələcəkdə təkrarlanmaması üçün tövsiyələr verilib. Bu tədbirlər, dövlət büdcəsinin effektiv istifadəsini təmin etməyə və dövlət vəsaitlərinin düzgün istifadə olunmasına yönəldilib.