1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Global Media Group"un tərkibindəki Caliber.az informasiya-analitik portalı "Prokurorluğun dostu" mükafatı ilə təltif olunub.
Oxu.Az xəbər verir ki, sözügedən mükafat Baş Prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Azərbaycan Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə "İlin ən yaxşı müstəntiqi", "İlin ən yaxşı dövlət ittihamçısı" və "İlin ən yaxşı prokuroru" müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də "Prokurorluğun dostu" mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbirdə verilib.
Tədbirdə əvvəlcə I Qarabağ, 44 günlük Vətən müharibələri və Qarabağda keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, həlak olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin uğurla davam etdirildiyini qeyd edib.
Mərasim zamanı Prezident İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli sərəncamı ilə təltif edilmiş prokurorluq əməkdaşlarına, habelə baş prokurorun müvafiq əmri ilə xidməti vəzifələrini nümunəvi icra etməsinə görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarına mükafatlar təqdim olunub.
Müsabiqələrin nəticələrinə əsasən, "İlin ən yaxşı müstəntiqi" seçilmiş Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Kənan Nəzərova, "İlin ən yaxşı dövlət ittihamçısı" seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Bakı Apellyasiya Məhkəməsi üzrə prokuroru Anar Ələkbərova və "İlin ən yaxşı prokuroru" seçilmiş Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Yelena Qasımovaya Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.
Sonra "Prokurorluğun dostu" təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə media ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilir.
Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2024-cü ilin yekunlarına əsasən, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən CBC teleradio şirkətinin baş direktoru Vüqar Xəlilov, Caliber.az informasiya-analitik portalının baş redaktoru Timur Hüseynov və "Azərbaycan" qəzetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Əzizli "Prokurorluğun dostu" mükafatı ilə təltif olunublar.



