AZ

Yolların buz bağlaması fəsadlar yaratdı: DYP sürücülərə müraciət etdi

Xızı şəhəri ərazisində yolun buz bağlaması qəzaya səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Xızı şəhəri ərazisində yolun buz bağlaması səbəbindən maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin ehtimala görə "Mitsubishi" markalı avtomobilin sürücüsü buzlu yolda kəskin tormozlama edib və nəticədə sürüşərək qarşıdan gələn QAZ-31 markalı avtomobillə toqquşub.

"BDYPİ şaxtalı hava ilə əlaqədar yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə, bir daha sürücülərə müraciət edərək, onları şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normalara uyğun gəlməyən, texniki-təhlükəsizlik baxımından köhnə, "ABS" tormoz sistemləri ilə təchiz edilməyən nəqliyyat vasitələrinin istismarına yol verməməyə, hərəkət sürətini hava şəraitinə uyğun seçməyə, qəfil manevr və kəskin tormozlamadan çəkinməyə, eləcə də təcrübəsiz sürücüləri qarlı, buzlu yollarda sükan arxasına əyləşməməyə çağırır", - məlumatda qeyd olunub.

Vurğulanıb ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.

Seçilən
92
30
ekologiya.az

10Mənbələr